Bakı. Trend:
İşsizlikdən sığorta fondunun 2026-cı il üzrə gəlirləri 238,3 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 31,9 milyon manat, yaxud 15,5% çoxdur.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, işsizlikdən sığorta fondunun gəlirlərinin 236,6 milyon manatı, yaxud 99,3%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2025-ci ilin təsdiq edilmiş müvafiq göstəricisindən 30,3 milyon manat və ya 15% çoxdur.
Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 51,9 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 184,7 milyon manat proqnozlaşdırılır.
Sığorta haqları üzrə yığımın 78%-i qeyri-büdcə sektorunun payına düşəcəkdir ki, bu da cari ilə nisbətən 28,1 milyon manat çoxdur.
Ümumilikdə, 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 4,3%, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 18% artımla proqnozlaşdırılmışdır.
Fondun maliyyə mənbəyinin 28,1 milyon manatlıq və ya 10,5%-lik hissəsini əvvəlki illərdə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil edəcəkdir.
