...

“Mastercard” Azərbaycanda maliyyə sektorundan kənar qurumlarla da kibertəhlükəsizlik əməkdaşlığını gücləndirməyi planlaşdırır (ÖZƏL)

İqtisadiyyat Materials 20 Noyabr 2025 12:50 (UTC +04:00)
“Mastercard” Azərbaycanda maliyyə sektorundan kənar qurumlarla da kibertəhlükəsizlik əməkdaşlığını gücləndirməyi planlaşdırır (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kibertəhlükəsizlik sahəsində dünya trendlərini izləmək vacibdir. Çünki Azərbaycana yönələn hücumların çox böyük bir hissəsi xaricdən gəlir. Bu səbəbdən qlobal trendləri izləmək, prioritetlərimizin ən önəmli başlıqlarından biridir.

Bunu Trend-ə bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumu çərçivəsində "Mastercard"ın vitse-prezidenti Reşat Kökçən müsahibəsində deyib.

O bildirib ki, "Mastercard" kibertəhlükəsizlik istiqamətində ciddi addımlar atır: "Bir tərəfdən qlobal ödəniş şəbəkəsini idarə etdiyimiz üçün, digər tərəfdən isə yeni əldə etdiyimiz "Mirror Record Feature" vasitəsilə ciddi bir təhlükəyə qarşı kəşfiyyat şəbəkəsinə malikik. Biz bu kəşfiyyat şəbəkəsini Azərbaycanda ən effektiv şəkildə istifadə etməyi planlaşdırırıq. Birinci prioritetimiz bu istiqamətdədir".

Reşat Kökçən vurğulayıb ki, Azərbaycanda yalnız banklarla deyil, bank xaricində fəaliyyət göstərən digər qurumlarla da əməkdaşlıq qurmaq istəyirlər: "Hökumət orqanları, Mərkəzi Bank, telekommunikasiya operatorları və neft-qaz sektoru kimi kritik infrastruktur qurumları bu əməkdaşlıq üçün potensial tərəfdaşlarımız ola bilərlər.

Bu yanaşma ilə "Mastercard"ı yalnız maliyyə ekosistemi təhlükəsizliyi kontekstində deyil, həm də maliyyə ekosistemindən kənar bir oyunçu kimi qiymətləndirmək olar".

"Mastercard" rəsmisi eyni zamanda bildirib ki, onlar Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli komandalar formalaşdırmaq və investisiyaları artırmaq niyyətindədirlər: "Azərbaycana məhsul investisiyalarımız və insan resursları planlamamız da artır. Ümid edirik ki, burada fəaliyyət göstərən, kibertəhlükəsizlik sahəsində bilikli yerli komandadan ibarət bir qrup formalaşdıracağıq. Bu da "Mastercard"ın "know-how"unu bazarda tətbiq etmək və yaymaq baxımından önəmli addım olacaq".

"Kibertəhlükəsizlik istiqamətində deyə bilərəm ki, qlobal istifadəçilərimizə, ABŞ-də təqdim etdiyimiz məhsulları Azərbaycana gətirmək və tətbiq etmək bizim məsuliyyətimizdir və biz bunun üzərində çalışırıq", - deyə R. Kökçən fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti