Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 1,023 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 409,4 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,50%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Böyük Britaniyaya 278 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 122,6 milyon ABŞ dolları və ya 30,6% azdır.
Dövr ərzində Böyük Britaniyaya ixrac edilmiş məhsulların 273 milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları təşkil edib. Bu dəyərdə neft ixracının həcmi isə 514,9 min tona bərabər olub. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında Azərbaycandan Böyük Britaniyaya neft ixracı dəyər ifadəsində 117,8 milyon dollar və ya 30,1%, həcm baxımından isə 135,2 min ton və yaxud 20,8% azalıb.
Bununla da Böyük Britaniya hesabat dövründə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr siyahısında 7-ci pillədə qərarlaşıb.
Eyni zamanda, hesabat dövründə Böyük Britaniyadan Azərbaycana 744,7 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 532 milyon ABŞ dolları və ya 3,5 dəfə artım deməkdir. Bununla da hesabat dövründə Böyük Britaniya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın, 19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6 milyard ABŞ dolları və yaxud 15,6% artıb.
Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.
