...

Son 7 ildə 4 milyon vətəndaşı əhatə edən islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olub – Nazir

Cəmiyyət Materials 20 Noyabr 2025 15:20 (UTC +04:00)
Son 7 ildə 4 milyon vətəndaşı əhatə edən islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olub – Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son 7 ildə 4 mln. vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat zərfi icra edilmiş və bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat təşkil etmişdir.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14.3% artırılaraq 320 manata çatdırılmışdır. 1 iyul tarixindən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin, 1 sentyabr tarixindən isə tələbə təqaüdlərinin məbləğləri artırılmışdır. 1 yanvar tarixindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10% artırılmışdır.

“Ümumilikdə 5-ci sosial islahat paketi 1,9 milyon vətəndaşımızı əhatə etməklə, illik əlavə maliyyə yükü 885 milyon manat, əmək pensiyalarının ilin əvvəlində 8,1%-lik indeksasiyası ilə birlikdə isə illik əlavə maliyyə yükü 1 milyard 400 milyon manat təşkil etmişdir.

Aparılmış islahatların nəticəsidir ki, cari ildə əhaliyə pensiya ödənişləri ötən illə müqayisədə 10%, pensiyaların orta məbləği isə 9% artaraq 540 manat, yaşa görə pensiyanın orta məbləği isə yenə də 9% artaraq 576 manat təşkil edib.

Əhaliyə dövlət büdcəsi hesabına ödənilən müavinət, eləcə də Azərbaycan Respublikasının Prezidentinin təqaüdü xərcləri artımların tətbiq edildiyi ötən ilin müvafiq ayları ilə müqayisədə 12%-dən çox artmışdır”, - deyə A.Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti