Bakı. Trend:
Yaponiyanın Oita şəhərində baş verən genişmiqyaslı yanğın nəticəsində 150-dən çox ev yanıb.
Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı məlumat yayıb.
Yanğın Saqanoseki rayonunda sıx tikililərin yerləşdiyi ərazidə başlayıb. Yanğın qısa müddətdə qonşu binalara yayılaraq 170-dən çox evi əhatə edib. Daha sonra alov yaxınlıqdakı meşəyə və şəhərdən bir kilometr məsafədə yerləşən yaşayış olmayan adaya da yayılıb.
Yanğının ümumi sahəsi 49.000 kvadrat metrə çatıb və hadisə 24 saata yaxın müddətdə nəzarət altında saxlanılır. Ümumilikdə 167 nəfər təxliyə edilib.
Hadisə bir nəfərin — 76 yaşlı kişinin — ölümünə səbəb olub. İlkin ehtimala görə, ölüm ürək dayanması səbəbindən baş verib. Bundan əlavə, 50 yaşlı bir qadın yüngül yanıqlar və dəm qazından zəhərlənmə səbəbilə xəstəxanaya yerləşdirilib.
