...

Almaniya ilk Milli Kosmik Təhlükəsizlik Strategiyasını qəbul edib

Dünya xəbərləri Materials 20 Noyabr 2025 02:54 (UTC +04:00)
Almaniya ilk Milli Kosmik Təhlükəsizlik Strategiyasını qəbul edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hökuməti ölkənin ilk Milli Kosmik Təhlükəsizlik Strategiyasını təsdiqləyib.

Trend xəbər verir ki, strategiya beynəlxalq tərəfdaşlarla kosmik layihələrdən tutmuş peyk şəbəkələrinin genişləndirilməsinə və kosmosda dövlətlərin məsuliyyətli davranışının təşviqinə qədər təhlükəsizlik üçün vacib bütün istiqamətləri əhatə edir.

Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunan strategiyanın məqsədi Avropa İttifaqı, NATO və digər qlobal tərəfdaşlarla birlikdə kosmosda çevik və müdafiə qabiliyyətli fəaliyyətin təmin edilməsidir.

Strategiyanın əsas hissəsi Almaniyanın kosmik sistemlərinin, o cümlədən peyklərin və müvafiq infrastrukturun qorunmasını, eləcə də müdafiə öhdəlikləri çərçivəsində hərbi kosmik əməliyyatlar aparmaq imkanlarının gücləndirilməsini nəzərdə tutur.

Müdafiə naziri Boris Pistorius bildirib ki, qurum yaxın illərdə kosmos sahəsinə təxminən 35 milyard avro həcmində investisiya qoyacaq. Xarici işlər naziri Yohann Vadeful isə kosmosun artıq həm hərbi qarşıdurmalar, həm də iqtisadi rəqabət məkanı olduğunu qeyd edərək, Almaniyanın bu sahədə maraqlarını qorumasının həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Strategiyanın əsas istiqamətləri arasında təhlükə və risklərin müəyyən edilməsi, fəaliyyət variantlarının hazırlanması, beynəlxalq əməkdaşlıq və kosmosda davamlı qayda-qanunun təşviqi, eləcə də çəkindirmə imkanlarının gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılması yer alır.

Xəbər lenti

Xəbər lenti