Bakı. Trend:
Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsində 1,2 milyard manat vəsait ayrılacaqdır. Aqrar sektora gələn il üçün ayırmalar proqnozlaşdırılan aqrar ÜDM-in 15 faizinə çatacaq.
Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 faizi və yaxud 513 milyon manatı ərzaq təhlükəsizliyi tədbirlərinə, o cümlədən subsidiyalara, kənd təsərrüfatı texnikası və avadanlıqlarına, habelə suvarma sistemlərinə güzəştlərə yönəldiləcəkdir. Kənd təsərrüfatı xərclərinin 40 faizi və ya 490 milyon manatı torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, 18 faizi və ya 219 milyon manatı isə baytarlıq və digər kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulmuşdur.
