Bakı. Trend:
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizin makroiqtisadi sabitliyini qorumağa imkan verib.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Spiker vurğulayıb ki, mürəkkəb beynəlxalq konyunkturaya baxmayaraq, iqtisadiyyatımızın dayanıqlığı və ardıcıl inkişafı təmin edilib. Cənubi Qafqaz bölgəsinin lider dövləti kimi Azərbaycanın iqtisadi müstəqilliyi də möhkəmlənib.
“Qeyri-neft sektorunun artımı, ixrac potensialının genişlənməsi, energetika sisteminin fəal surətdə modernləşdirilməsi və “yaşıl enerji” layihələrinə yeni sərmayələrin qoyulması təsdiq edir ki, iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirili”.
Sahibə Qafarova deyib ki, azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri xüsusi olaraq qeyd edilməlidir.
“Bu gün Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşır.
Sosial sahəyə böyük diqqət yetirilir. İnsanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür.
Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlayıb, həm də büdcə gəlirlərinin artımını, büdcə xərclərinin sosial yönümünü və maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin edib”, - deyə sədr fikrini tamamlayıb.
