Bakı. Trend:
2025-ci ilin sonundan etibarən valyuta bazarında sabitlik davam edəcək və ilin sonuna yaxın məzənnənin iqtisadi əsaslarla təxminən 6 faiz ətrafında formalaşacağı gözlənilir.
Trend xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, 2025-ci ilin ötən dövründə neft və qeyri-neft seqmentləri üzrə valyuta bazarına təsir edən tendensiyalar balanslaşdırılıb ki, bu da məzənnə sabitliyini və qiymət sabitliyinə dəstəyi təmin edib.
Taleh Kazımov bildirib ki, cari əməliyyatlar hesabının profisitli qalması, iqtisadi gözləntilərin effektiv idarə edilməsi valyuta bazarında tarazlığı gücləndirən əsas amillərdir. Onun sözlərinə görə, 2022-ci ildən etibarən Mərkəzi Bank tərəfindən həyata keçirilən ötürmə mexanizminin gücləndirilməsi ilə bağlı islahatlar iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına səbəb olub. Belə ki, rezidentlərin valyuta əməliyyatlarında dollarlaşma bir il öncəki dövrlə müqayisədə əhəmiyyətli şəkildə azalaraq 28,5 faizə enib və bu, tarixdə ən aşağı göstəricidir. Bu dinamika həm gözləntilərin sabit olduğunu, həm də manata inamın artdığını göstərir.
Mərkəzi Bankın sədri əlavə edib ki, ilk dəfə olaraq banklararası likvidlik göstəricisi indeksi faiz dərəcələri baxımından Mərkəzi Bankın faiz dəhlizinə yaxınlaşmağa başlayıb. Avropa Yenidənqurma və İnkişaf Bankının milli valyutada indeksinə bağlı istiqraz buraxılışına başlaması və artıq 50 milyon manatlıq istiqrazın açıq təklif yolu ilə yerləşdirilməsi bu indeksin etibarlı istinad dərəcəsi olduğunu təsdiqləyir.
Taleh Kazımov bank sektorunun vəziyyətinə də toxunaraq bildirib ki, sektor 2023–2025-ci illərdə sabit fəaliyyət göstərib. Cari ildə bank kapitallarının adekvatlıq səviyyəsi 11,7 faiz, likvidlik isə 160 faiz olub. Kapital rentabelliyi 18,5 faiz təşkil edir. Bu göstəricilər bank sektorunun risklərə davamlı olduğunu və real sektora maliyyə dəstəyini gücləndirdiyini göstərir.
10 ayın nəticələrinə görə bank sektorunun kredit portfeli 4 milyard manata qədər artaraq 1,9 faiz genişlənib. Kredit portfelində biznes kreditlərinin payı 50 faizdən çox olub. Bank sektorunun kreditləşdirmə potensialı 20,8 milyard manat təşkil edir ki, bu da real sektorun maliyyə resurslarına çıxış imkanlarının geniş olduğunu təsdiqləyir.
Əhalinin əmanətlərində də müsbət dinamika müşahidə olunur. Sektor üzrə depozitlər 6 faiz artaraq 49,2 milyard manata çatıb. Depozitlərin 73,3 faizi əmanətlərdən ibarətdir ki, bunun da 15,5 milyard manatı əhalinin əmanətləridir. Əhalinin xarici valyutada əmanətləri 8,7 faiz, müddətli əmanətləri isə 15,6 faiz artıb. Son 3 ildə müddətli əmanətlər orta hesabla 20 faiz artım nümayiş etdirib.
