...

Bakı regionun maliyyə mərkəzinə çevrilə bilər - Polşa Banklar Assosiasiyası (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 19 Noyabr 2025 10:42 (UTC +04:00)
Bakı regionun maliyyə mərkəzinə çevrilə bilər - Polşa Banklar Assosiasiyası (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bankları çox sürətlə inkişaf edir, Bakı regionun maliyyə mərkəzinə çevrilə bilər.

Bunu Trend-ə bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumu çərçivəsində Polşa Banklar Assosiasiyasının İcraçı vitse-prezidenti Vlodzimierz Kiçinski müsahibəsində deyib.

O, Azərbaycan bank sektorunun inkişafı, iki assosiasiya arasında əməkdaşlıq perspektivləri, rəqəmsallaşma, süni intellekt, fintex və kibertəhlükəsizlik sahələrində mümkün birgə layihələr barədə fikirlərini bölüşüb.

Müsahib əvvəlcə Azərbaycan banklarının inkişaf perspektivlərindən danışıb: "Azərbaycan bankları çox sürətlə inkişaf edir və bu dinamika bütövlükdə Azərbaycan iqtisadiyyatının xüsusiyyətidir. Bizim üçün bu, fikirlərin mübadiləsi aparmaq, müasir bank xidmətlərinin Avropadakı trendləri barədə məlumat vermək üçün yaxşı imkandır. Düşünürük ki, perspektivdə Bakı təkcə Azərbaycanın deyil, Mərkəzi Asiya ölkələrinin də maliyyə sektoru üçün mühüm mərkəzə çevrilə bilər".

V. Kiçinski Polşanın Azərbaycanın bank sektoru ilə birgə mümkün əməkdaşlıq imkanlarından da bəhs edib: "Hazırda daha çox fikir və təcrübə mübadiləsi aparılır. Hər iki ölkənin bank sektorunda aparıcı həllərin, innovasiyaların təhlili həyata keçirilir. Bu mərhələdən sonra daha konkret addımlar, o cümlədən birgə texnoloji həllər və fintex şirkətlərinin prosesə cəlb edilməsi mümkündür".

O, həmçinin iki ölkənin bank sektorları arasında kibertəhlükəsizlik seqmenti üzrə mümkün tərəfdaşlıq potensialını da qiymətləndirib: "Polşa Banklar Assosiasiyası kibertəhlükəsizlik sahəsində çox aktiv fəaliyyət göstərir. Bu istiqamətdə dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edirik və bu sayədə müştərilərimizin vəsaitlərini dəfələrlə qorumuşuq. Azərbaycanla da əlaqələr var. Azərbaycan banklarının Polşaya səfərləri zamanı kibertəhlükəsizlik, fırıldaqçılıqla mübarizə və müdafiə sistemlərinin təkmilləşdirilməsi məsələlərini müzakirə etmişik. Qarşılıqlı əlaqələr qurulub və bu xətt üzrə işlər davam edir".

"Hazırda daha çox konkret əməkdaşlıq addımlarının həyata keçirilməsi mərhələsindəyik. Memorandum əlbəttə ki, formal baxımdan vacib sənəddir, amma bizim üçün əsas olan gündəlik və real fəaliyyətlərin birgə həyata keçirilməsidir", - deyə polşalı maliyyəçi fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti