Bakı. Trend:
Azərbaycanda iqtisadi artımın daha da sürətləndirilməsi üçün ciddi potensial mövcuddur.
Trend xəbər verir ki, bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 9-cu Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, makro səviyyədə buraxılış kəsirinin mövcudluğu ölkədə iqtisadi artımın sürətləndirilməsi üçün imkanların olduğunu göstərir:
“Bu, iqtisadi artımın daha dinamik şəkildə genişlənməsinin mümkün olduğunu təsdiqləyən əsas göstəricidir”.
Onun fikrincə, iqtisadi artımı artıracaq başlıca istiqamət məhz investisiya xəttidir. Bu çərçivədə 2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf strategiyası üzərində işlər aparılır və sənəddə 10 milyard manatdan çox əsaslı vəsait qoyuluşu nəzərdə tutulur.
Bununla yanaşı, Böyük Qayıdış proqramı çərçivəsində 2027–2030-cu illərdə 13,2 milyard manat həcmində investisiya yatırılması planlaşdırılır.
Qasımlı əlavə edib ki, yaxın illərdə icrası nəzərdə tutulan iri layihələr də mövcuddur. Onlardan biri Xəzər dənizinin suyun təmizlənməsi və duzsuzlaşdırılması layihəsidir ki, onun dəyəri 400 milyon manatı ötür. Su və nəqliyyat strategiyalarının həyata keçirilməsi üçün isə 2027–2030-cu illər üzrə 5–10 milyard manatlıq investisiya paketinin müzakirə edildiyi bildirilib.
İİTKM rəhbəri vurğulayıb ki, bütövlükdə 2020–2030-cu illər ərzində dövlətin əsaslı vəsait qoyuluşu illik təxminən 4 milyard manat səviyyəsində olacaq.
