Bakı. Trend:
Gürcü əsilli bir neofaşist ABŞ məhkəməsində yəhudilərə və irqi azlıqlara qarşı hücumlar törətmək üçün digər şəxsləri cəlb etməklə, o cümlədən uşaqları zəhərləmək məqsədilə qurulan sui-qəsddə iştirakla bağlı məhkəmədə verdiyi ifadədə özünü təqsirli bilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, müttəhim - 22 yaşlı Mixail Çxikvişvili Şərqi Avropada fəaliyyət göstərən “Maniac Murder Cult” adlı radikal neofaşist qruplaşmanın lideridir.
Qruplaşmanın üzvləri sosial şəbəkələrdə irqi və dini nifrətə çağırışlar yayırdılar. Güman edilir ki, həmin manifestlərdən təsirlənən bir yeniyetmə ilin əvvəlində Tennessi ştatının Neşvill şəhərindəki məktəblərdən birində silahlı hücum törədib, nəticədə bir nəfər həlak olub, iki nəfər yaralanıb.
Məhkəmə müəyyən edib ki, Çxikvişvili 2022-ci ildən etibarən dəfələrlə Nyu-Yorka gələrək öz neofaşist ideyalarını təbliğ edib. 2023-cü ildə o, məktəblərdə yəhudi uşaqlarına və Nyu-Yorkda yaşayan irqi azlıqlara Santa Klaus kimi geyinərək zəhərlənmiş konfetlər paylamalı olan FTB-nin gizli agentini “verbovka” edib. 2024-cü ildə isə o, Moldovada saxlanılaraq ABŞ-a ekstradisiya olunub.
