Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı (TDT) Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə humanitar əməkdaşlığı dərinləşdirmək məqsədilə Anlayış Memorandumu hazırlamağı planlaşdırır ki, bu da türk şəbəkəsinin gələcək fəaliyyətinə mühüm töhfə verəcək.
Trend xəbər verir ki, bunu bu gün TDT-nin baş katibi Kurbanıçbek Ömüraliyev Türk Dövlətləri Təşkilatının Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin Bakıda keçirilən iclasında bildirib.
O, bildirib ki, humanitar sahədə əməkdaşlıq təşkilatın “qızıl prinsipidir”.
“Bu əməkdaşlıq çərçivəsində humanitar kooperasiya qızıl prinsipdir və bizə nə üçün bir araya gəldiyimizi xatırladır. Yalnız inkişaf üçün deyil, həm də qayğı göstərmək, qorumaq və xidmət etmək üçün bir araya gəlirik” – deyə baş katib bildirib.
O, oktyabr 2024-cü ildə Bişkekdə imzalanmış Anlayış Memorandumu əsasında Qızıl Aypara Şəbəkəsinin yaradılmasının şəfqət və ümumi mədəni dəyərlərlə ruhlandırılmış güclü humanitar alyans üçün əsas qoyduğunu vurğulayıb. Baş katib əsas nailiyyətlərdən biri kimi 2024-cü ilin noyabr ayında Bişkekdə keçirilən TDT sammiti zamanı Mülki Müdafiə Mexanizminin (Civil Protect Mechanism) yaradılması üzrə çoxtərəfli sazişin imzalanmasını göstərib.
O qeyd edib ki, bu hüquqi mexanizm üzv dövlətlərin fövqəladə hallar və təbii fəlakətlərə qarşı kollektiv reaksiyasını əhəmiyyətli dərəcədə gücləndirir və türk şəbəkəsinin böhran vaxtlarında daha səmərəli fəaliyyət göstərməsinə imkan verir.
Ömüraliyev bildirib ki, görüş dünyanın ciddi çağırışlarla üzləşdiyi, münaqişələrin, fikir ayrılıqlarının və qütbləşmənin artdığı, sabitlik və təhlükəsizliyin getdikcə daha zəiflədiyi bir dövrdə baş tutur. Eyni zamanda, zəlzələlər, daşqınlar, meşə yanğınları və quraqlıqlar da daxil olmaqla iqlim dəyişikliyinin dağıdıcı təsirləri daha tez-tez və sərt şəkildə baş verir ki, bu da əlaqələndirilmiş reaksiyanın vacibliyini bir daha vurğulayır.
