Bakı. Trend:
Gün ərzində fasiləsiz yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinin yollarda hərəkəti təhlükəlidir. Uzun müddət sükan arxasında olmaq yorğunluq yaradır, diqqəti zəiflədir və reaksiya vaxtını azaldır. Bu isə qəza ehtimalını kəskin şəkildə artırır.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, belə halda nəqliyyat vasitəsinin idarə edilməsi həm sürücünün, həm daşıdığı sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükəyə çevrilir.
Baş DYP İdarəsi sürücülərin diqqətinə çatdırır ki, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, sürət həddini aşmaq, zolaq dəyişərkən ehtiyatsız davranmaq və sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol vermək ağır nəticələrə gətirib çıxarır.
Unutmaq olmaz ki, sükan arxasında verilən hər səhv qərarın arxasında insan həyatı dayanır. Hər bir sürücü istirahətini vaxtında etməli, diqqətini yalnız yola yönəltməli və nəqliyyat axınında təhlükə yarada biləcək davranışlardan çəkinməlidir.
BDYPİ bütün sürücüləri yollarda məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırır.
