Bakı. Trend:
2030-cu ilə qədər, yəni önümüzdəki 5 il ərzində müştəri xidmətlərinin böyük hissəsi süni zəka vasitəsilə həyata keçiriləcək və bu, bankçılıq sektorunda böyük bir dəyişiklik yaradacaq.
Trend xəbər verir ki, bunu "Mastercard"ın Türkiyə, Azərbaycan, Ukrayna və Moldovada Məsləhət və Konsaltinq Xidmətləri üzrə Klaster rəhbəri Eren Özkan bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.
O vurğulayıb ki, hazırda qlobal səviyyədə bankların süni zəkanın inkişafına etdiyi illik sərmayə təxminən 600 milyard dollar civarındadır: "Bu sərmayəyə həm texnoloji inkişaflar, həm M&A (birgə fəaliyyət və şirkət alınması) fəaliyyətləri daxildir. Lakin bankçılıq sistemində ən çox sərmayənin yönəldiyi sahə iş kodları ilə bağlıdır.
Süni zəka ilk dəfə səsləndikdə daha çox effektivliyi artıran, "back-office" və "mid-office" əməliyyatlarını daha insan resursu tələb etmədən, daha aşağı xərclə icra etməyə imkan verən bir konsept kimi qəbul olunurdu. Amma əslində süni zəkanın ən böyük faydası bizə xidmət sahəsində, xüsusilə müştəri xidmətində görünür. Artıq bir çox bank həm qlobal səviyyədə, həm də bölgəmizdə chatbotlardan istifadə etməyə başlayıb, mobil tətbiqlərində tətbiq edirlər".
E. Özkan bildirib ki, artıq filiallarda belə süni zəka texnologiyalarından istifadə olunur: "Ehtimal etmək olar ki, 2030-cu ilə qədər, yəni önümüzdəki 5 il ərzində müştəri xidmətlərinin böyük hissəsi süni zəka vasitəsilə həyata keçiriləcək və bu, bankçılıq sektorunda böyük bir dəyişiklik yaradacaq.
İkinci vacib mövzu isə gömülü maliyyə (embedded finance) və "Banking as a Service"dir. Hazırda dünyada fəaliyyət göstərən təxminən 25 000 bank var. "Mastercard" olaraq biz bu bankların, demək olar ki, hamısı ilə əməkdaşlıq edirik. Amma bank olmayan, sadəcə maliyyə xidmətləri təqdim edən şirkətlərin sayı 50.000-dən çoxdur. Bu çox böyük bir rəqəmdir. Bir çox şirkət bank olmasa da kredit verə bilir, kart təqdim edə bilir və müxtəlif bankçılıq xidmətləri göstərir.
Bunun səbəbi çox sadədir: ortalama bir bank istifadəçisi ay ərzində bankla 200 dəfə təmasda olur. Bu, kart əməliyyatı, məhsul müraciəti, mobil tətbiqə giriş və ya filial ziyarəti ola bilər. Amma eyni müştərinin perakendecilər, telekom operatorları, "marketplace"lər, hava yolları operatorları ilə isə minlərlə əməliyyatı olur. Bu da bank xarici sektorların bankçılıqdan faydalanmaq üçün vizyon inkişaf etdirməsinə gətirib çıxarır. Nəticədə "embedded finance" yaranır, yəni bankçılıq xidmətləri bank xarici mühitlərdə də təqdim edilə bilir. Bu iqtisadiyyat sürətlə böyüyür və "Wells Banking" və digər şirkətlərin proqnozlarına görə 2030-cu ildə bankçılığın təxminən 30%-i "embedded finance"dən gələcək".
"Pərakəndə və korporativ bankçılıq birbaşa insanlara və şirkətlərə xidmət göstərir, amma bankların ciddi infrastrukturu var. Bu infrastrukturu maliyyə texnologiyalarına yeni daxil olan, infrastruktura ehtiyacı olan şirkətlər üçün açaraq yeni gəlir mənbəyi yaratmaq mümkündür. Yəni bir tərəfdən bu, banklar üçün bir təhlükə kimi görünə bilər, amma əslində ciddi gəlir potensialı da təmin edir", - o vurğulayıb.
O qeyd edib ki, digər məsələ isə rəqəmsal aktivlər və tokenizasiyadır. O. Erenin sözlərinə görə, "Bitcoin" 2008-ci ildə təqdim olunub və ilk vaxtlar əsasən yatırım üçün istifadə edilirdi, amma stabilcoinlər, tokenized depositlər və digər yeni məhsullar gündəlik əməliyyat bankçılığında, "transaction banking"də önəmli rol oynamağa başlayıb: "Hazırda dünyanın ümumi ÜDM-inin təxminən 3%-i tokenizasiya edilmiş və rəqəmsal aktivlərdən ibarətdir, təxminən 3,5 trilyon dollarlıq bir həcmdir. Proqnozlara görə, 2030-cu ildə bu rəqəm 10 trilyon dollara çatacaq. Rəqəmsal iqtisadiyyat hazırda 5 dəfə daha sürətlə böyüyür və bankçılığa təsiri ən böyük olan sahələrdən biridir. Çünki bir çox bank məhsulunun tokenizə edilməsi həm etibarlılığı artırır, həm sürəti, həm də maliyyə inklüzivliyini təmin edir. Bu, önümüzdəki illərdə ən təsirli trendlərdən biri olacaq".
"Dördüncü böyük trend isə ESG (environment, social, governance), davamlılıq və ətraf mühitə uyğun məhsulların meydana çıxmasıdır. Bu konsept illərdir mövcud olsa da, əvvəllər bankların "compliance" (uyğunluq) tələblərinə əsasən idarə olunan bir setup kimi qəbul olunurdu. Amma artıq ESG və davamlılıq bankçılığın mərkəzi halına gəlib. Hazırda bir çox məhsullar ESG ilə bağlıdır. Məsələn "green bond"lar, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi təşkilatların kredit məhsulları ESG-yə bağlıdır. Bankçılıqda irəliləyiş üçün ESG və davamlılığa sərmayə qoymaq vacibdir. Bu, həm də dünyaya töhfə verir.
"Mastercard" qlobal səviyyədə müştərilər arasında sorğular aparır. Sorğulardan biri budur: işləmək istədiyiniz bankı nəyə görə seçirsiniz? Son araşdırmalara görə, ABŞ-də insanların 42%-i bank seçimini ESG indeksinə görə edir. Bu, müştəriyə yönəlik strategiya və sadiqlik proqramlarında ESG-nin əhəmiyyətini göstərir", - deyə "Masdercard" rəsmisi fikrini yekunlaşdırıb.
