Bakı. Trend:
Axşam saatlarında daxil olan təcili məlumat daha bir insanın həyatını dəyişdi. Beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən xəstələrdən biri – İsrafil Məmmədova tam uyğun gəldi.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin operativ fəaliyyəti nəticəsində məlumat dərhal transplantasiya komandasına ötürüldü. Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah Tariyel Nadirovun rəhbərlik etdiyi cərrah və nefroloqlardan ibarət komanda yüksək peşəkarlıqla çalışaraq donor böyrəyini uğurla köçürdü.
Əməliyyatdan cəmi bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşdi və o, uzun illər davam edən dializ yükündən azad halda evə buraxıldı.
“Həkim olaraq demək istəyirəm ki, orqan nəqli həqiqətən möcüzədir – biz bu möcüzəyə hər gün şahidlik edirik. Donor ailələrinə, əməliyyatda və donorluq prosesində əməyi olan hər kəsə, xüsusilə də Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin kollektivinə və mərkəzin rəhbəri Yeganə Abbasovaya təşəkkür edirəm”, – deyə Tariyel Nadirov bildirib.
Donor ailəsinin göstərdiyi nəciblik, həkim komandasının peşəkarlığı və koordinasiya sisteminin operativliyi sayəsində daha bir insan sağlamlığına qovuşdu. Bu uğurlu əməliyyat orqan donorluğunun cəmiyyət üçün nə qədər böyük dəyər daşıdığını xatırladır və bir daha göstərir ki, bir insanın verdiyi həyat hədiyyəsi başqa bir insanın yaşamasına imkan yaradır.
