...

Son 7 il ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 58,3%-dən 70,2%-ə yüksəlib

İqtisadiyyat Materials 19 Noyabr 2025 12:25 (UTC +04:00)
Son 7 il ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 58,3%-dən 70,2%-ə yüksəlib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2018-ci ildən başlayaraq vergi-gömrük və əmək bazarı sahəsində islahatlara start verilmiş və 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş vermişdir. 2019-2025-ci illər ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58%-dən cari ilin son tarixinə 70%-ə yüksəlmişdir.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3% artması gözlənilir ki, bu da strategiya ilə müəyyən edilmiş diapazon (3-4%) çərçivəsindədir. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1% olacağı gözlənilir ki, bu da 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası ilə müəyyən olunmuş hədəfdən (5%) 1,1 faiz bəndi yüksəkdir.

2019-2025-ci illərdə orta illik artım templəri üzrə lider sahələr - informasiya və rabitə (11%), qeyri-neft-qaz sənayesi (9,7%), nəqliyyat və anbar təsərrüfatı (7,8%) olmuşdur. Nisbətən aşağı orta illik artım templəri isə tikintidə (4,4%), turizmdə (4,1%), kənd təsərrüfatında (3,2%), ticarətdə (3,0%), sosial və digər xidmətlərdə (2,9%) olmuşdur.

O həmçinin vurğulayıb ki, 2025-ci ilin gözlənilən göstəricisi nəzərə alınmaqla, 2019-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in nominal həcmi 2 dəfə, real həcmi isə 1,4 dəfə böyümüşdür.

Xəbər lenti

Xəbər lenti