Bakı. Trend:
Orta Dəhliz üzrə yük axınının sürətlə artması onun Avrasiya ticarəti üçün əhəmiyyətini daha da gücləndirir, lakin artan çağırışlar marşrutun bundan sonrakı inkişafını məhdudlaşdıra bilər.
Trend Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (İRU) istinadən xəbər verir ki, bunu IRU baş katibi Umberto de Pretto bu həftə Daşkənddə keçirilən Beynəlxalq Multimodal Yükdaşımaları Forumunda çıxışında deyib.
“Təəccüblüdür ki, minilliklər sonra biz ticarəti canlandırmaq və nəqliyyat əlaqəliliyini gücləndirmək məqsədilə qədim İpək Yolu ticarət yollarının necə dirçəldilməsi barədə yenidən müzakirələr aparırıq”, - deyə o bildirib.
IRU-nun məlumatına görə, 2022-ci ildən etibarən logistika sektorunun bir çox iştirakçısı ənənəvi tranzit marşrutlarına alternativ kimi Orta Dəhlizə üz tutub və 2030-cu ilə qədər bu dəhliz üzrə yüklərin həcminin 2021-ci illə müqayisədə üçqat artacağı gözlənilir.
“Orta Dəhliz üzrə ticarət də inkişaf edir. Əvvəllər əsasən neft və mineral xammal kimi resurslara yönəlmişdi, lakin hazırda konteyner daşımalarına doğru sürətli dəyişiklik müşahidə olunur. Son 12 ayda konteyner daşımalarının həcmi üç dəfədən çox artıb. Konteyner axınının 60 faizdən çoxu Çindən Avropaya yönələn məhsullardan ibarətdir.
2022-ci ildə bu marşrut üzrə hərəkət edən yarımqoşqulu yük avtomobillərinin sayı 2015-ci ildəki 3000-5000 ədəddən 19 400-ə çatıb və mövcud RO-PAX tipli bərələrin sayından asılı olaraq potensial keçid gücü 40 000 ədədə çata bilər.
Orta Dəhliz üzrə yükdaşımaların bu sürətli artımı yeni imkanlarla yanaşı, əlaqələndirilmiş cavab tədbirləri tələb edən çağırışlar da yaradıb”,-deyə Umberto de Pretto qeyd edib.
Onun sözlərinə görə, Orta Dəhliz üzrə sərhəd-keçid məntəqələri ciddi təzyiq altındadır. Tıxaclar və uzun növbələr adi hala çevrilib.
O, həmçinin dəhlizi keçmək üçün tələb olunan vaxtın da xeyli dəyişə bildiyini vurğulayıb.
“Bəzi hallarda tranzit kifayət qədər sürətli həyata keçirilir, lakin yük göndərənlərə əvvəlcədən proqnozlaşdırıla bilənlik və etibarlılıq lazımdır. Bu problemlər infrastrukturun çatışmazlığı ilə deyil, mövcud alətlərin uyğunsuz tətbiqi ilə bağlıdır. Beynəlxalq Yol Nəqliyyatı (TIR) sistemi ilə yük avtomobili yalnız yükləmə və boşaltma məntəqələrində yoxlanılır”, - Umberto de Pretto bildirib.
