...

Maliyyə Nazirliyi ilə Koreyanın Fiskal İnformasiya Xidməti arasında Memorandum imzalanıb (FOTO)

Maliyyə Materials 18 Noyabr 2025 18:55 (UTC +04:00)
Maliyyə Nazirliyi ilə Koreyanın Fiskal İnformasiya Xidməti arasında Memorandum imzalanıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 18-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Koreya Fiskal İnformasiya Xidmətinin (KFIS) prezidenti Seok Ho Yoonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, görüşdə Azərbaycan ilə Koreya arasında maliyyə idarəetməsi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən ölkəmizdə yeni İnteqrasiya olunmuş Maliyyə İdarəetmə İnformasiya Sisteminin (IFMIS) inkişafı, Koreyanın dövlət maliyyə sistemi olan “dBrain+” və hökumət subsidiyalarının idarəetmə sistemi olan “e-Naradoum” üzrə təcrübələrin öyrənilməsi barədə müzakirələr aparılıb. Bu kontekstdə Koreya nümayəndə heyətinin iştirakı ilə Maliyyə Nazirliyində IFMIS üzrə keçirilmiş birgə seminarın əhəmiyyəti qeyd olunub.

Sahil Babayev Maliyyə Nazirliyində son dövrlərdə aparılan genişmiqyaslı rəqəmsallaşma prosesləri haqqında məlumat verərək Prezident İlham Əliyevin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə maliyyə idarəetməsi sahəsində rəqəmsal islahatların daha da sürətləndiyini və maliyyə idarəetmə arxitekturasının müasir tələblərə uyğun şəkildə yenidən qurulduğunu qeyd edib.

Nazir Koreya təcrübəsinin bu proseslərdə praktiki əhəmiyyət daşıdığını və innovativ, dayanıqlı maliyyə idarəetmə modellərinin formalaşdırılmasına ciddi töhfə verəcəyinə əmin olduğunu bildirib.

Görüşdə iki ölkə arasında maliyyə idarəetməsi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, xüsusilə “dBrain+” təcrübəsi əsasında proses və iş axınlarının təkmilləşdirilməsi, xarici vendor asılılığının azaldılması istiqamətində bilik və texnoloji transferin gücləndirilməsi, data əsaslı qərarvermə mexanizmlərinin tətbiqi, audit və nəzarət infrastrukturunun, eləcə də kibertəhlükəsizlik çərçivəsinin inkişaf etdirilməsi kimi gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

KFIS prezidenti Seok Ho Yoon Koreyanın IFMIS sahəsində təcrübə və qabaqcıl texnoloji həllərin paylaşılması, eləcə də Azərbaycanın rəqəmsal maliyyə informasiya sisteminin qurulmasına ölkəsinin müvafiq qurumlarının dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşün sonunda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi ilə Koreya Respublikasının Fiskal İnformasiya Xidməti arasında Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sisteminin hazırlanması, tətbiqi və istismarı sahələrdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum birgə tədqiqat və texniki dəstəyin göstərilməsi, kibertəhlükəsizlik, dayanıqlılıq və audit standartlarına uyğunluq sahələrində təcrübənin öyrənilməsi, həmçinin təlim və təcrübə proqramları vasitəsilə kadr potensialının gücləndirilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti