Bakı. Trend:
Kolumbiya Universitetinin alimləri yoqurtun hüceyrəxarici strukturlarından istifadə edərək toxumaların bərpası, yəni yaraların sağalması üçün yeni biogel hazırlayıblar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, elmi tədqiqatın nəticələri “Matter” jurnalında dərc olunub.
Məlumata görə, layihənin əsasında hüceyrələrin bioloji siqnalları ötürmək üçün istifadə etdiyi mikroskopik qabarcıqlar - hüceyrəxarici vezikullar (EV) dayanır. Onlar yüzlərlə zülalı və genetik material fraqmentlərini daşıyır və sağalma proseslərini işə sala bilir.
Adətən belə vezikullar insan və ya heyvan hüceyrə kulturlarından əldə olunur, lakin prosesin mürəkkəbliyi və yüksək qiyməti istehsalın səmərəliliyini məhdudlaşdırır.
Alimlər komandası isə gözlənilməz alternativ tapıb: yoğurtda olan vezikullardan istifadə ediblər. Bu vezikullar böyük həcmdə material əldə etməyə imkan verməkdən savayı, həm də yeni gelin əsas qurucu elementinə çevrilib.
