...

TAP Avropanın enerji keçidindəki rolunu həm indiki, həm də gələcək tələbatın təminatçısı kimi görür - Murad Heydərov (Özəl müsahibə)

Energetika Materials 19 Noyabr 2025 17:21 (UTC +04:00)
TAP Avropanın enerji keçidindəki rolunu həm indiki, həm də gələcək tələbatın təminatçısı kimi görür - Murad Heydərov (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beş il əvvəl istismara verildiyi vaxtdan bəri Trans Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin mühüm hissəsi kimi, Azərbaycanın “Şahdəniz” yatağından Avropaya qaz nəql edən genişmiqyaslı enerji koridorunun strateji tərəfdaşı olduğunu sübut edib. Bu, enerji təchizatı ilə bağlı son çağırışlar fonunda həyati əhəmiyyət kəsb edən həm yeni mənbə, həm də yeni marşrutdur.

Bunu Trend-ə TAP Direktorlar Şurasının sədri Murad Heydərov TAP-ın kommersiya istismarının beşilliyi münasibətilə verdiyi özəl müsahibədə bildirib.

“Marşrutun keçdiyi ölkələr regional enerji hablarına çevriliblər və təkcə Cənub-Şərqi Avropa və Balkanlar üçün deyil, bütün qitə üçün daha böyük rol oynamaq potensialına malikdirlər. TAP bu prosesə, o cümlədən 2022-ci ildən fəaliyyət göstərən Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) kimi digər qaz nəqli layihələri ilə inteqrasiya edərək töhfə verir. Təkcə 2024-cü ildə TAP Yunanistanın ümumi qaz idxalının təxminən 18 faizini, İtaliyanın isə 16 faizindən çoxunu təmin edib”,- deyə o bildirib.

Murad Heydərov qeyd edib ki, 2022-ci ilin əvvəlindən TAP bazarın artan tələbatına operativ reaksiya verərək nominal səviyyəni üstələyən gücdə xidmət göstərib.

“Xəzər regionundan qaz tədarükünün etibarlılığı, infrastrukturun fasiləsiz əlçatanlığı, TAP-ın operativ fəaliyyət səviyyəsi və geniş kommersiya imkanları hesabına Avropaya əlavə həcmlər tədarük olunur”, - deyə TAP Direktorlar Şurasının sədri bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin noyabrında 53 milyard kubmetr həddinə çatdıqdan sonra TAP Avropaya etibarlı və şaxələnmiş qaz tədarükündə əsas rol oynamaqda, eyni zamanda karbonsuzlaşdırma və rəqabət proseslərini dəstəkləməkdə davam edir.

“TAP qazı əvvəllər bir tədarükçüdən yüksək asılı olan və kömür, liqnit kimi yüksək emissiyalı yanacaqlardan istifadə edən regiona nəql edir. Avropa Komissiyası TAP-ı Qərbi Balkanların karbonsuzlaşdırılması üzrə flaqman layihəsi kimi qiymətləndirib. Gələcəkdə, kifayət qədər bazar marağı olduğu halda, TAP öz gücünü artıraraq Avropanın enerji təhlükəsizliyini möhkəmləndirə və enerji keçidi hədəflərinə töhfə verə bilər”, – deyə o vurğulayıb.

Tədarük həcmlərinin ölkələr üzrə bölgüsü

“TAP 2020-ci ilin son günündən qaz nəqlinə başlayandan indiyədək Avropaya təxminən 53 milyard kubmetr qaz çatdırıb - bunun 44,6 milyardı İtaliyaya, 5 milyard kubmetrə yaxını Yunanıstana və 3,4 milyard kubmetrdən çoxu Bolqarıstana nəql olunub”, – deyə Murad Heydərov bildirib.

Son beş ildə TAP-ın müştəri portfelində dəyişikliklər

Murad Heydərov qeyd edib ki, son beş ildə TAP vasitəsilə nəql üçün qeydiyyatdan keçmiş şirkətlərin sayı üçdən qırx altıya yüksəlib.

“Bu şirkətlər böyük Avropa və regional enerji şirkətləri, ticarət qurumları və kommunal müəssisələrdən ibarət geniş bir spektri əhatə edir. Yeni iştirakçıların çoxu Yunanıstan və Bolqarıstanda – TAP-ın bir-biri ilə əlaqələndirdiyi bazarlarda – aktiv fəaliyyət göstərir. Bu isə İtaliya və Qərbi Avropadan Cənub-Şərqi Avropaya yeni qaz axınlarını dəstəkləyir. Müştərilərin məmnunluq səviyyəsi yüksək olaraq qalmaqdadır: son sorğular həm uzunmüddətli tərəfdaşlar, həm də yeni iştirakçılar arasında rəylərin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir”, – deyə o əlavə edib.

Genişlənmənin birinci mərhələsi

Heydərov bildirib ki, illik 10 milyard kubmetr olan uzunmüddətli ötürmə gücü mərhələli şəkildə 20 milyard kubmetrdəndən yüksək səviyəyə çatdırıla bilər.

“Genişlənmə imkanları hər iki ildən bir keçirilən, tənzimlənən bazar testləri çərçivəsində bazara təqdim olunur. 2021-ci il bazar testi üzrə öhdəliklərə uyğun olaraq, TAP Yunanıstanın Kipoy kompressor stansiyasında genişlənmənin birinci mərhələsinə aid layihə işlərini başa çatdırıb. Bu, 2026-cı il yanvarın 1-dən etibarən əlavə 1,2 milyard kubmetr uzunmüddətli gücün təqdim edilməsinə imkan verəcək.

2024-cü ilin yanvarında başlanan genişlənmə işləri təhlükəsiz şəkildə, vaxtından əvvəl və büdcə çərçivəsində başa çatdırılıb, qaz nəqlində heç bir fasilə yaranmayıb. Bu, TAP-ın operativ peşəkarlığının göstəricisidir. Genişlənmə çərçivəsində, Türkiyə–Yunanıstan sərhədi yaxınlığındakı Kipoy stansiyasında gücü 15 MVt olan yeni kompressor qurğusu quraşdırılıb”, – deyə o izah edib.

Əlavə həcmlər üçün əsas hədəf bazarlar

Onun sözlərinə görə, 2021-ci il bazar testinin nəticələrinə əsasən, 2026-cı ildən başlayaraq TAP-ın uzunmüddətli ötürmə gücü 1,2 milyard kubmetr artırılacaq. Bu həcmin 1,04 milyard kubmetri İtaliya, 0,16 milyard kubmetri isə Albaniyaya tədarük üçün bron edilib.

Hidrogen nəqli üzrə tədqiqatlar

Heydərov bildirib ki, TAP gələcəkdə təbii qazla qarışıq formada hidrogenin nəqlinə imkan yaratmaqla, Aİ-nin karbonsuzlaşdırma hədəflərinə ciddi töhfə verə bilər.

“TAP qarşısına hidrogenin təbii qazla qarışıq şəkildə nəqlini imkanını təmin etmək vəzifəsi qoyub və hazırda bunun texniki mümkünlüyü qiymətləndirilir. Bu istiqamətdə orta və uzunmüddətli hazırlığı müəyyən edən yol xəritəsi hazırlanıb. 2021-ci ildə boru kəmərinin hidrogen nəqlinə hazırlığına dair ilkin araşdırma TAP-ın bu sahədə potensialını təsdiqlədi. Hazırda beynəlxalq laboratoriyada materialların sınaqları aparılır. İlk nəticələr qiymətləndirilir, növbəti mərhələ üzrə testlər artıq başlayıb və nəticələrin cari il ərzində hazır olacağı gözlənilir”, – deyə o bildirib.

O əlavə edib ki, paralel olaraq hidrogen nəqli üçün yerüstü obyektlərin yararlılığı xüsusi Gap-təhlili vasitəsilə qiymətləndirilir: “Bu qiymətləndirmələr tamamlandıqdan sonra TAP hidrogen nəqlinə hazır-olub olmaması, habelə qarışdırma ilə bağlı öncədən müəyyən edilmiş hədfələrə uyğun olaraq yenidən təchizat üzrə mümkün planlarla bağlı daha aydın təsəvvürə malik olacaq”.

Heydərov bildirib ki, TAP bu istiqamətdə bütün səhmdarlarla, əsas təchizatçılarla və sektorun digər iştirakçıları ilə sıx əməkdaşlıq edir.

“Olası investisiyalar və nəql ediləcək hidrogenin payı, yəqin ki, mərhələli şəkildə və bazarın inkişafı, eləcə də normativ tələblər çərçivəsində həyata keçiriləcək. Bu mərhələdə araşdırma nəticələrinə əsaslanmayan proqnozlardan çəkinmək lazımdır. 2–3 il əvvəl verilmiş həddindən artıq optimist proqnozlar indi bütün faktorların hərtərəfli təhlilinə əsaslanan daha praqmatik yanaşma ilə əvəz olunub”, – deyə o vurğulayıb.

Hidrogenin və ya hidrogen daşıyıcılarının nəqli üzrə mümkün pilot layihələr

Heydərov qeyd edib ki, TAP bu istiqamətdə bütün səhmdarlarla, əsas təchizatçılarla və ümumilikdə sənaye ilə sıx əməkdaşlıq edir.

“İstənilən potensial investisiyaların obyektlərin modernləşdirilməsinə yönəldilməsi və nəql olunan həcmdə hidrogenin payının artırılması, yəqin ki, hidrogen bazarının inkişafı və dəyişən normativ tələblərə uyğun şəkildə mərhələli olaraq həyata keçiriləcək. Hazırkı mərhələdə, yəqin ki, tədqiqatların nəticələri diqqətlə qiymətləndirilmədən verilən proqnozlardan çəkinməyə dəyər. Sənaye institutları və mütəxəssislər tərəfindən 2-3 il əvvəl səsləndirilmiş həddindən artıq nikbin nəticələr indi bu məsələyə dair bütün amillərin hərtərəfli təhlilinə əsaslanan praqmatik yanaşma ilə əvəz olunub”, – deyə o vurğulayıb.

Son beş ildə emissiyaların azalması

TAP Direktorlar Şurasının sədri bildirib ki, şirkət Avropa tənzimləmə sistemi çərçivəsində fəaliyyət göstərir.

“Biz Aİ-nin aşağıkarbonlu enerji sisteminə keçidi sürətləndirməyə yönəlmiş siyasətinə tam şəkildə riayət edirik. Bu siyasətin əsasını karbon qiymətinin tədricən artmasına təkan verən Aİ emissiyaların ticarəti sistemi təşkil edir. Karbonsuzlaşdırma üzrə öhdəliklərinin bir hissəsi olaraq TAP 2050-ci ilə qədər öz fəaliyyətində iqlim neytrallığına nail olmağı hədəfləyir. TAP qısa, orta və uzunmüddətli perspektivdə istixana qazı emissiyalarının azaldılmasına ən böyük təsir göstərən təşəbbüslərə diqqət yetirməklə yanaşı, enerji səmərəliliyinin artırılması tədbirlərini də daim təkmilləşdirir”, – deyə o bildirib.

Heydərov qeyd edib ki, TAP-ın 2022–2025-ci illər üçün Karbon Emissiyalarının İdarə Edilməsi Planı bu məqsədlərə çatmaq üçün 25-dən çox təşəbbüsü ehtiva edir: “Bu təşəbbüslər enerji səmərəliliyinin artırılması tədbirləri – məsələn, təzyiqin birləşmələrdə optimallaşdırılması və enerji auditi hesabına birbaşa karbon emissiyalarının azaldılmasına, həmçinin elektrikləşdirmə üzrə tədqiqatlara, hidrogen və biometanın istifadəsinin təşviqinə, eləcə də metan emissiyalarının azaldılması Planının icrasına, o cümlədən sızmaların aşkarlanması və aradan qaldırılması proqramlarına (LDAR – Leak Detection and Repair) və neft-qaz sənayesində Metan üzrə Tərəfdaşlıq proqramı 2.0 (OGMP 2.0) çərçivəsində “qızıl standart”a çatmağa yönəlmiş təmir proqramlarına fokuslanır”.

Heydərovun sözlərinə görə, araşdırmalara əsasən, TAP-da karbon emissiyalarının 90 faizdən çoxu qaz kompressorlarının payına düşür: “Bu kontekstdə TAP genişləndirmənin gələcək ssenarilərinə dair konseptual layihələr hazırlayır ki, burada yeni kompressor qurğuları elektriklə işləyə bilər. Bu isə enerji keçidinin uzunmüddətli yol xəritəsində mühüm addımdır. Şirkət yaxın məqsədlərə doğru inamla irəliləyir. Təkcə 2024-cü ildə TAP istixana qazı emissiyalarını illik proqnozla müqayisədə 21 faizdən çox, metan emissiyalarını isə təxminən 55 faiz azaltmağa nail olub, həmçinin 2021-ci ilin LDAR baza səviyyəsi ilə müqayisədə sızmaları 81 faiz azaldıb.”

Avropanın enerji keçidində TAP-ın rolu

O vurğulayıb ki, TAP Avropanın enerji keçidindəki rolunu həm indiki, həm də gələcək tələbatın təminatçısı kimi görür — bu gün aşağıkarbonlu qaz üçün dayaq nöqtəsi olmaqla, gələcəkdə isə biometan da daxil olmaqla bərpaolunan qazlar üçün potensial bir dəhliz rolunu oynaya bilər.

“Təbii qaz enerji keçidinin əsas elementlərindən biri olaraq qalır. Bərpaolunan mənbələrin payı artsa da, tam karbonsuzlaşdırılmış sistemə keçid anidən baş verə bilməz. Avropanın iqtisadiyyatın fəaliyyəti və əhali üçün enerji tələbatını qarşılamaq məqsədilə hələ də etibarlı, əlçatan və sabit enerjiyə ehtiyacı var. Bu kontekstdə qaz mühüm rol oynayır. O, fasilələrlə xarakterizə olunan bərpaolunan mənbələrdən asılılığın artdığı bir şəraitdə enerji sisteminin çevikliyini və dayanıqlılığını təmin edir və Cənub-Şərqi Avropanın və Qərbi Balkanların bəzi hissələrində hələ də elektrik istehsalında üstünlük təşkil edən, daha çox çirkləndirici yanacaq növlərindən — daş kömür və liqnitdən — tədricən imtina etməyə imkan yaradır. Karbon tutma texnologiyalarının inkişafı ilə qaz, həmçinin, Aİ-nin iqlim məqsədlərinə uyğun şəkildə emissiyaların azaldılmasına əlavə töhfə verə bilər.

Lakin Avropada dayanıqlı nəqliyyat xidmətlərinin göstərilməsinə səmərəli şəkildə töhfə verməkdə bizim rolumuz yalnız hidrogen qarışıqlarının tədarükü ilə məhdudlaşmır. Biz enerji balansında biometanın artan rolunu qəbul edirik və bu sahədə etibarlı tərəfdaş olmaq imkanlarını araşdırırıq. Paralel olaraq, həm gələcəkdə mümkün genişləndirmələr, həm də hazırda istismarda olan avadanlıqların əvəzlənməsi üçün kompressor stansiyalarımızın elektrikləşdirilməsi istiqamətində ciddi addımlar atırıq. Bu strategiya birbaşa karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcək və əgər kompressorların işləməsi üçün enerji bərpaolunan mənbələrdən təmin olunarsa, bu, həm birbaşa (Scope 1), həm də dolayı (Scope 2) emissiyaların azalmasına səbəb olacaq”, – deyə o izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti