...

TRIPP ABŞ tərəfindən böyük investisiyaların cəlb olunmasına imkan yaradır - Atlantic Council

İqtisadiyyat Materials 19 Noyabr 2025 20:15 (UTC +04:00)
TRIPP ABŞ tərəfindən böyük investisiyaların cəlb olunmasına imkan yaradır - Atlantic Council
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyatı diversifikasiya etməsi və yeni gəlir mənbələri yaratması zərurəti ABŞ ilə əməkdaşlıq üçün geniş imkanlar açır.

Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi I Azərbaycan-Amerika Analitik Forumu çərçivəsində "Atlantic Council"ın geosiyasi analitiki Riç Autzen deyib.

Onun sözlərinə görə, bu, neftə əsaslanmayan yeni gəlir mənbələri ola bilər — istər qabaqcıl texnologiyalar, informasiya texnologiyaları, süni intellekt, istərsə də yüksək texnologiyalı istehsal sahələri.

“Bu yüksək əlavə dəyərli sahələr ABŞ-nin əhəmiyyətli yardım göstərə biləcəyi sahələrdir. ABŞ mineral resurslara əsaslanan iqtisadiyyatdan xidmət və bilik iqtisadiyyatına keçiddə dəstək göstərə bilər”, — deyə o bildirib.

Autzen vurğulayıb ki, texnoloji dəyişikliklərin yüksək sürəti əməkdaşlığı xüsusilə aktual edir. “Aditiv istehsal, 3D çap və süni intellekt sahəsində vəziyyət o qədər sürətlə dəyişir ki, biz hətta beş və ya on ildən sonra qabaqcıl istehsal səviyyəsində nələrin olacağını belə bilmirik”, - deyə o əlavə edib.

Ölkələr arasında ikitərəfli əməkdaşlıq perspektivlərindən danışarkən o, son razılaşmaları qeyd edib.

“8 avqustda imzalanan razılaşmalar ümumi baza rolunu oynayır. Bu, TRIPP (The Trump Route for International Peace and Prosperity) çərçivəsindəki razılaşmalarla yanaşı, Vaşinqtonla İrəvan, həmçinin Vaşinqtonla Bakı arasında ikitərəfli memorandumlardan ibarətdir”, — Autzen deyib.

O vurğulayıb ki, bu sənədlər çoxsaylı təşəbbüslər üçün yeni başlanğıc deməkdir. Onların bəziləri Zəngəzur dəhlizi ilə bağlıdır, digərləri isə birbaşa xarici investisiyaların təşviqi ilə bağlı daha geniş konsepsiyaya həsr olunub ki, bu da həm Azərbaycana, həm Ermənistana, həm də bütövlükdə regiona fayda verəcək.

"Atlantic Council" analitiki, həmçinin ABŞ hökumətində və özəl sektorda aktiv müzakirə edilən ideyalara toxunub.

“Ticarətin genişləndirilməsi üzrə ehtimal ki, onlarla ideya mövcuddur — onların bir hissəsi energetika, bir hissəsi infrastruktur, digərləri isə texnologiyalar və “yaşıl enerji" ilə bağlıdır. Orta Dəhliz yeni təşəbbüslər üçün bir platformadır. Bu, onlarla və ya yüzlərlə yeni layihə üçün imkan deməkdir. Həmin layihələr gəlir gətirəcək, regionda sabitlik və etimadı möhkəmləndirəcək,ilk növbədə isə ABŞ və Azərbaycan üçün”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti