Bakı. Trend:
Azərbaycanla əməkdaşlıq uzunmüddətli dostluq və açıq bankçılıq istiqamətində imkanlar yaradır.
Bunu Trend-ə bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumu çərçivəsində Gürcüstan Banklar Assosiasiyasının Açıq Bankçılıq layihəsinin CEO-su Mixeil Kapanadze müsahibəsində deyib.
O, Gürcüstan və Azərbaycan bank sektoru arasında əməkdaşlıq perspektivlərindən danışıb: "Biz Azərbaycan Banklar Assosiasiyası ilə çox fəal əməkdaşlıq edirik. Bu, yalnız əməkdaşlıq deyil, uzunmüddətli dostluq əlaqəsidir. Onların bütün təşəbbüslərində dəstək oluruq və bu dəstəyi gələcəkdə də davam etdirəcəyik. Biz açığıq və onların təkliflərini dinləməyə hər zaman hazırıq.
Bu sahədə əməkdaşlıq yalnız mümkün deyil, həm də arzuolunandır. Yanaşmalar və məlumatlar tərəflər arasında paylaşılır, məsələn, müəyyən problemlərin necə həll olunduğu barədə təcrübə mübadiləsi aparılır. Bu, çox vacibdir və biz bunu davam etdirəcəyik".
O, iki ölkə arasında yeni investisiya layihələri və maliyyə bazarında imkanlar haqqında isə bunları qeyd edib: "Gürcüstanda da Azərbaycanla eyni prinsiplərlə əməkdaşlıq edirik. Bu ölkədə fəaliyyət göstərən banklar Gürcüstan Banklar Assosiasiyasının üzvləridir və onlar digər banklarla eyni imkanlara malikdirlər. Yəni, bütün investisiyalar qarşılanır və əlbəttə, bu sahədə yeni imkanların yaranması üçün fürsətlər açıqdır".
M. Kapanadze bank sektorunda yeni texnoloji həllərin qarşılıqlı əməkdaşlıq imkanları ilə bağlı bildirib ki, Gürcüstam Banklar Assosiasiyası ümumilikdə açıq infrastruktur istiqamətində hərəkət edirik: "Bu, onilliklər ərzində bağlı olan bəzi sistemlərin artıq açıq olacağı deməkdir. Açıq bankçılıq bu prosesin ilk addımıdır. Ənənəvi olaraq bağlı olan bu ekosistemin bir hissəsi artıq açılır. Gələcəkdə, bu açılışın hansı sürətlə və hansı həcmdə baş verəcəyini görəcəyik.
İstehlakçı perspektivindən isə məqsəd odur ki, bir çox məlumat və xidmətləri eyni yerdə, rahat formada əldə etmək mümkün olsun. Eyni zamanda şəxsi məlumatların qorunmasına diqqət edilməli və düzgün balans tapılmalıdır".
