Bakı. Trend:
Forumda müzakirə olunan nəqliyyat dəhlizləri regionda iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artırmaq və Azərbaycanla ABŞ arasında əməkdaşlığı genişləndirmək potensialına malikdir.
Bunu "New Lines" İnstitutunun analitik inkişaf və təlim üzrə baş direktoru Yucin Çausovski Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən I Azərbaycan–Amerika Analitik Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
“Azərbaycan üçün iqtisadi fayda aydındır. Ölkə nəqliyyat və ya enerji təchizatı kimi müxtəlif sahələrdə öz iqtisadi potensialını tam şəkildə açaraq diplomatik impulsdan istifadə etməklə real iqtisadi nəticələr əldə edə bilər”, – Çausovski bildirib.
O əlavə edib ki, ABŞ də regional əlaqəliliyin güclənməsindən faydalana bilər.
“ABŞ baxımından bu, ölkənin sülhməramlı imicini möhkəmləndirməyə, regionun Avropa və ABŞ-la əlaqəsini artırmağa, kritik minerallar və enerji mənbələri kimi resurslara daha geniş çıxış əldə etməyə və təkcə razılaşmalar imzalamaq deyil, onları bütün ölkələr üçün iqtisadi faydaya çevirə bilmək qabiliyyətini göstərməyə kömək edir”, – deyə o vurğulayıb.
Azərbaycan iqtisadiyyatının ABŞ investisiyaları üçün ən böyük potensiala malik sahələri ilə bağlı suala cavab verən Çausovski bir neçə əsas istiqaməti qeyd edib.
“Mən enerji və minerallar sahəsini, həmçinin kənd təsərrüfatı və texnologiyaları vurğulardım. Bu, yalnız regiona fayda verməyəcək, həm də Çin kimi ölkələrlə rəqabət aparmağa kömək edəcək”, – deyə o bildirib.
Çausovski qeyd edib ki, bütün bunlara daha geniş regional mənzərə kontekstində baxılmalıdır – burada Mərkəzi Asiya da daxil olmaqla iqtisadi mərkəzlər arasında qarşılıqlı əlaqə artır və ABŞ bu prosesə böyük maraq göstərir.
“Bir çox layihələr mövcuddur və düşünürəm ki, ən vacibi onları ideya və ya ilkin memorandum mərhələsindən real icraya çatdırmaqdır. İmpuls yarananda istər Transxəzər marşrutu, istərsə də Orta Dəhliz olsun, bütün bu layihələr qarşılıqlı fayda gətirəcək”, – o yekunlaşdırıb.
