Bakı. Trend:
İcbari Tibbi Sığorta ilə qarşılanmayan çox az sayda səhiyyə proqramı qalır ki, onlardan biri onkologiyadır. Bu proqramların da İcbari Tibbi Sığorta ilə qarşılanmasına ciddi ehtiyac duyulur.
Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, ən mürəkkəb və yüksək maddiyyat tələb edən müayinə və müalicə üsulları Tibbi Sığorta ilə qarşılanır:
“Son iki ildə 170 böyrək, 152 qaraciyər, 7 mindən çox oynaq, 200-dən çox koklear implantasiya, 23 sümük iliyinin, çoxsaylı ilik-kök hüceyrə transplantasiyası və 25 mindən çox böyrək əməliyyatları İcbari Tibbi Sığorta ilə icra olunub.
Qafqazda ilk dəfə olaraq Azərbaycanda uğurlu ürək transplantasiyası həyata keçirilib. Belə əməliyyatların sayı gələcəkdə artacaq. Bu qəbildən olan əməliyyatların da İcbari Tibbi Sığorta ilə qarşılanmasına ehtiyac var.
İnanıram ki, İcbari Tibbi Sığorta yaxın gələcəkdə əhali arasında rast gəlinən bütün xəstəliklərin müayinə və müalicəsini qarşılayacaq”.
Ə.Əmiraslanov əlavə edib ki, vətəndaşların İcbari Tibbi Sığortadan gözləntiləri var:
“Onlardan biri ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatının İcbari Tibbi Sığorta ilə qarşılanmasıdır. Milli Məclis bu məsələ ilə bağlı “Tibbi Sığorta haqqında” Qanuna müvafiq dəyişikliklər edib. İnanıram ki, xəstələrin səbirsizliklə gözlədiyi bu problem növbəti illərdə həllini tapacaq.
İnsanlarımızı narahat edən digər bir məsələ əhaliyə göstərilən ilkin tibbi xidmət səviyyəsinin aşağı olmasıdır. Bu problem xüsusilə bölgələrdə, kənd yerlərində özünü daha qabarıq göstərir. Bölgələrdəki tibb məntəqələrinin böyük bir hissəsi istifadəyə yararsız vəziyyətdədir. Bu sahədə görülən işlərin sürətləndirilməsinə ciddi ehtiyac var”.
