Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) QS Sustainability 2026 beynəlxalq reytinqində əldə etdiyi nəticələr universitetin dayanıqlı inkişaf sahəsində sistemli fəaliyyətinin növbəti dəfə yüksək qiymətləndirildiyini göstərir.
Reytinqin nəticələrinə əsasən, AzMİU “Ətraf Mühit Təsiri” və “Sosial Təsir” kateqoriyalarında Azərbaycan üzrə lider mövqe əldə edib. Bu göstəricilər universitetin ekologiya, resurs idarəetməsi, sosial məsuliyyət, inkluzivlik və ictimai fayda yönümlü layihələrdə ardıcıl fəaliyyətinin real nəticəsidir.
Azərbaycanın aparıcı mühəndislik və memarlıq ali təhsil müəssisəsi kimi AzMİU son illər dayanıqlılıq strategiyasını gücləndirməklə həm tədris və tədqiqat prosesində, həm də institusional idarəetmədə beynəlxalq standartlara uyğun modern yanaşmaları tətbiq edir. QS Sustainability reytinqində əldə olunan nailiyyətlər bu səylərin qlobal miqyasda tanınmasının göstəricisi kimi dəyərləndirilir.
Qeyd edək ki, əldə olunan uğur tələbələrin fəallığı, müəllim heyətinin elmi-pedaqoji əzmi və idarəetmə komandasının davamlı inkişaf yönümlü strategiyasının səmərəsi olaraq mümkün olub. Bu nəticə AzMİU-nun regionda dayanıqlılıq sahəsində nümunəvi ali məktəb statusunu daha da gücləndirir və universitetin gələcək fəaliyyətinə əlavə motivasiya verir.