Bakı. Trend:
Baş nazirdən Gəncə şəhərində yeni iş yerlərinin açılması üçün sahibkarlara əlavə imkanların yaradılmasının vacibliyini vurğulayır və dəstək göstərməyini xahiş edirəm.
Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, eyni zamanda regionlarda yaşayan gənclərin Bakı şəhərinə axınının qarşısının alınması üçün də xüsusi tədbirlərin həyata keçirilməsi vacibdir:
“Bəlkə, kəndlərdən şəhərlərə köçü başa düşmək olar, amma şəhərlərdən Bakıya köç bizi düşündürməlidir”.
Deputat vurğulayıb ki, həmçinin dəmir yollarının inkişafı, xüsusilə də regionlardan sərnişin daşımanın gücləndirilməsi nəticəsində bu sahəyə tələbat artıb:
“Hər kəs rahat və təhlükəsiz nəqliyyat vasitəsilə səfər etmək istəyir. Bu səbəbdən Bakı-Ağstafa-Bakı istiqamətində gün ərzində həyata keçirilən reyslərin sayının yalnız bayram günlərində deyil, mütəmadi olaraq artırılmasına dəstək verilməlidir”.
N.Həmzəyev əlavə edib ki, Gəncə şəhərində sərnişindaşımada ciddi irəliləyiş əldə olunub.
“Lakin şəhərdə parklanma qaydalarına nəzarətin mümkün olmaması, müasir həllərin tətbiq edilməməsi tıxac və digər problemləri ortaya çıxarıb. Bakı şəhərində olduğu kimi Gəncə şəhərində də parklanma sistemləri qurulmalıdır. Bu həm tıxac problemini həll edəcək, həmçinin vəsaitlərin dövlət büdcəsinə daxil edilməsi reallaşacaq”, - deyə o fikrini yekunalaşdırıb.
