Bakı. Trend:
Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri şəhərdə məscid inşa etmək təşəbbüsünə görə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təşəkkür məktubu ünvanlayıblar.
Trend xəbər verir ki, məktubda qeyd olunub:
"Hörmətli Qurbanqulu Məlikquliyeviç.
Azərbaycan və türkmən xalqları arasında əsrlər boyu formalaşmış dərin tarixi, mədəni, etnik, dil və dini bağlar iki qardaş ölkə arasındakı münasibətlərin etibarlı təməlini təşkil edir. Bu möhkəm təməllər üzərində qurulan dostluq və qardaşlıq münasibətlərimiz Zati-alilərinizin humanitar təşəbbüsləri ilə daha da dərinləşib.
Fəxrlə qeyd etməliyik ki, Zati-alilərinizin adını daşıyan Qurbanqulu Berdiməhəmmədov adına Himayəyə Ehtiyacı Olan Uşaqlara Yardım Fondu mərhəmət, xeyirxahlıq, humanizm kimi ali mənəvi dəyərlərin yaşadılması ilə yanaşı, dost və qardaş xalqlarımız arasında mənəvi körpü missiyasını böyük uğurla həyata keçirir.
Bu nəcib missiyanın ən parlaq nümunələrindən biri də Sizin Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid inşa etmək təşəbbüsünüzdür. Biz bu təşəbbüsü böyük məmnuniyyət və dərin minnətdarlıq hissi ilə qarşıladıq. Qarabağın bərpa prosesinə dəyərli töhfə olan bu humanist addımınız iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, dini-mənəvi həmrəyliyin, humanitar əməkdaşlığın və qarşılıqlı etimadın bariz təcəssümüdür.
Oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü çərçivəsində Türk dövlət və hökumət başçıları ilə birgə Füzulidə inşa ediləcək məscidin onlayn formatda təməlinin qoyulması bu xeyirxah layihəyə əlavə mənəvi və tarixi məna qazandırıb. Bu təşəbbüs, həmçinin Türk dünyasının ortaq dəyərlərinə, İslam mədəniyyətinə və azad olunmuş torpaqlarımızın mənəvi dirçəlişinə verilən yüksək önəmin göstəricisidir.
Xüsusilə qeyd etmək istərdik ki, Türk Dövlətləri Təşkilatı, eləcə də Təşkilatın Ağsaqqallar Şurasındakı uğurlu fəaliyyətiniz, Türk dünyasının birliyi, həmrəyliyi və inkişafı naminə səsləndirdiyiniz müdrik çağırışlar və verdiyiniz mesajlar böyük hörmət, ehtiramla izlənilir və yüksək qiymətləndirilir.
2025-ci ilin iyul ayında Zati-alilərinizin Qarabağa səfəri, o cümlədən Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidini ziyarətiniz zamanı Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhuna etdiyiniz dualar qardaşlıq, mənəvi dəyərlərə sədaqət və tarixi irsə hörmətin parlaq nümunəsi kimi xalqımız tərəfindən böyük ehtiramla qarşılanıb.
İnanırıq ki, Zati-alilərinizin təşəbbüsü ilə Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması insanlararası təmasların daha da intensivləşməsinə təkan verəcəkdir.
Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizin yüksək diqqət və mənəvi dəstəyiniz Füzuli sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır və qəlbimizdə dərin minnətdarlıq hissi oyadır, bölgənin mənəvi həyatına yeni ruh, inam və ümid gətirir. Bu nəcib addım qardaşlığımızın və həmrəyliyimizin tərənnümü kimi qədirbilən Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.
Füzuli şəhərində inşa edilən və Azərbaycan-Türkmənistan qardaşlığının mənəvi rəmzinə çevriləcək bu məscidin yaxın zamanda Zati-alilərinizin iştirakı və xeyir-duaları ilə açılışını biz Füzuli sakinləri olaraq böyük səbirsizliklə gözləyirik.
Fürsətdən istifadə edərək, göstərilən yüksək diqqət və qayğı üçün bütün Füzuli sakinləri adından Zati-alilərinizə bir daha dərin təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı, uzun ömür və Türkmənistan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə davamlı uğurlar arzu edirik. Ulu Tanrıdan qardaş Türkmənistana və xalqına firavanlıq, sülh, əmin-amanlıq və daimi tərəqqi diləyirik.
Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri adından dərin hörmətlə,
Əliyev Vidadi Əziz oğlu
Hüseynov Məhəmməd Səyyad oğlu
Rzayev Atabəy Saleh oğlu
Əhmədov Taleh Famil oğlu
Xanlarov Vaqif Əsgər oğlu
Əliyeva Sevda Yaqub qızı
Quliyeva Aygün Oktay qızı
Abdullayev Nizami Ağabala oğlu
Qəhrəmanova Xuraman Hüseyin qızı
Quliyev Elman Süleyman oğlu
Əliyev Füzuli İbrahim oğlu
Camalxanov Tehran Məmmədəli oğlu
Abdullayev Məmmədbağir Abdulla oğlu
Məmmədov Alik Calal oğlu
Məmmədova Nüşabə Həmid qızı
Hüseynova Mahnur Eldar qızı
Əliyeva Fəridə Kamil qızı
Əliyeva Rəhilə Ənvər qızı
Nəsirova Gülbahar Allahverdi qızı
Hüseynova Fəridə Rəhbər qızı".
