Bakı. Trend:
Antibiotiklərin düzgün istifadəsi üçün iki əsas məqsədə çatmaq üçün bir sıra ciddi qaydalar və təlimatlar nəzərdə tutulur. Antibiotiki təyin etmək qərarını verərkən, həkim xəstəni bakterial infeksiyadan effektiv şəkildə müalicə məqsədini nəzərdə tutur.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi “Instagram” hesabındakı canlı yayım zamanı açıqlayıb.
Mütəxəssis-ekspert qeyd edib ki, antibiotiklər yalnız həqiqətən bakterial infeksiyanın olub-olmadığını müəyyən edə bilən müvafiq ixtisaslı həkim tərəfindən təyin edilməlidir:
“Antibiotiklər yalnız həkim tərəfindən xəstənin vəziyyəti, simptomları və bəzən test nəticələri (məsələn, ümumi qan analizi və ya bakterioloji kultura) qiymətləndirildikdən sonra təyin olunmalıdır. Antibiotikləri xəstə heç vaxt özünün və ya digər mütəxəssis olmayan insanların qərarı ilə qəbul etməyə başlamamalıdır. Əgər xəstədə müəyyən simptomlar varsa, antibiotiklərə ehtiyacın olub-olmadığını müəyyən etmək və dəqiq diaqnoz üçün müvafiq ixtisaslı həkimə müraciət etmək tövsiyə olunur”.
T.Eyvazov bildirib ki, antibiotiklər virus xəstəlikləri - soyuqdəymə, KRVİ, qrip üçün istifadə edilməməlidir, çünki onlar viruslara qarşı təsirsizdir və mikrofloraya zərər verir:
“Antibiotik təyini zamanı dərmanların qarşılıqlı təsirləri nəzərə alınmalıdır. Digər qəbul olunan dərmanlarla hazırda təyin olunan yeni dərmanın - antibiotikin arzuolunmaz qarşılıqlı təsirlərindən yayınmaq üçün həkim pasiyentdən qəbul etdiyi digər dərmanlar barədə soruşmalıdır. Antibiotik təyin olunmuş hər bir pasiyent həmin dərmanın yan təsirlərindən xəbərdar edilməlidir. Bu cür yan təsirlər meydana çıxdıqda, həkimə dərhal məlumat verilməsi pasiyentə ciddi tapşırılmalıdır. Həkimin antibiotiklərin təyininə göstəriş görmədiyi hallarda xəstə və ya onun yaxınları tərəfindən antibiotiklərin təyininə israr etmək olmaz və bu səhv qərara səbəb ola bilər. Bundan başqa, müalicə zamanı kursa ciddi riayət etmək, yəni dərmanı təyin olunmuş dozada qəbul etmək və dozanı özbaşına artırmaq və ya azaltmaq olmaz.
Həmçinin, antibiotikin qəbul tezliyinə və vaxtına əməl etmək, tövsiyə olunan intervallara ciddi şəkildə riayət etmək lazımdır (məsələn, hər 8 və ya 12 saatdan bir). Bu, qanda aktiv maddənin tələb olunan konsentrasiyasını saxlayır ki, bu da bakteriyaların öldürülməsi üçün çox vacibdir. Digər bir qayda isə müalicənin tam kursunu tamamlamaqdır. Bu, ən vacib qaydadır. Xəstə özünüzü daha yaxşı hiss etsə belə, dərman qəbulunu dayandırmamalıdır”.
İnfeksionist qeyd edib ki, antibiotikləri qızdırmanın yüksəldiyi bütün hallarda təyin etmək olmaz:
“Bu, nəinki düzgün deyil, hətta təhlükəli yanaşmadır. Beləliklə, antibiotiklər yalnız təsdiqlənmiş və ya yüksək dərəcədə şübhəli bakterial infeksiyalar üçün istifadə edilməlidir. Onlar əksər soyuqdəymə, qrip və digər xəstəliklərə səbəb olan viruslara qarşı təsirli deyil. Antibiotiklər allergik reaksiyalara, mədə-bağırsaq pozğunluqlarına və digər ağırlaşmalara səbəb ola bilər".
