...

Antibiotiklər elektron resept üzərindən təyin edilməlidir - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 19 Noyabr 2025 15:25 (UTC +04:00)
Antibiotiklər elektron resept üzərindən təyin edilməlidir - Səhiyyə Nazirliyi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

18-24 Noyabr Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsidir.

Hər il hər il ÜST ün təşəbbüsü ilə “Antibiotiklərdən səmərəli istifadə Həftəsi” çərçivəsində əhali və tibb işçiləri arasında sorğular aparılır, tibb müəssisələrinə müraciət edən əhali üçün məlumatlandırıcı materiallar paylanılır, tibb işçiləri üçün Dəyirmi Masa, seminar və s. görüşlər təşkil olunur.

Antibiotiklərin təyini və tətbiqi qaydaları necədir, antibiotiklərdən hansı hallarda istifadə edilə bilər, meyarlar necə təyin edilir, antibiotiklərdən düzgün istifadə üçün hansı tədbirlər görülür və antibiotiklərdən səhv istifadə hansı fəsadlara yol aça bilər?

Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, antibiotiklərin (antibakterial preparatların) tətbiqi Azərbaycan qanunvericiliyi ilə ciddi şəkildə tənzimlənir.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən antibiotiklər yalnız resept əsasında buraxıla bilər. Antibiotiklərin reseptsiz satışına nəzarət olunması üçün həkimlər yalnız elektron resept üzərindən təyinat etməlidirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həkim yalnız tibbi göstəriş olduqda müalicə təyin edə bilər.

Hər hansı dərman köçürülməsi yalnız tibbi göstərişlə mümkündür. Həmçinin Qanuna əsasən, tibbi xidmət yalnız təsdiq edilmiş klinik protokollar üzrə göstərilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş klinik protokollar antibiotiklərin istifadəsinə dair dəqiq meyarlar müəyyən edir. Müalicə prosesləri yalnız Səhiyyə Nazirliyinin təsdiq etdiyi klinik protokollar üzrə aparılmalıdır.

Həkim-terapevt Günel Cəfərova Trend-ə açıqlamasında qeyd edib ki, antibiotiklər yalnız bakterial infeksiyalar zamanı istifadə olunan dərman vasitələridir.

“Virus xəstəlikləri, allergiyalar, bir sıra göbələk xəstəliklərində istifadəsi məsləhət görülmür. Antibiotiklərlə mülaicə xəstənin ağırlığından, yanaşı xəstəliklərdən və xəstənin yaşından asılı olaraq seçilir. Müalicə müddəti və antibiotikin dozası düzgün təyin edilməlidir.

Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq antibiotiklər 6, 8, 12 saat aralıqlarla təyin olunur. Müalicə kursu tam başa çatdırılmadan istifadə rezistentliyə, uzunmüddətli istifadə isə disbakterioz və qaraciyərin toksiki zədələnməsinə səbəb ola bilər. Antibiotiklərdən düzgün istifadə xəstəliklərin müalicəsinə, səhv istifadə isə bir sıra ağırlaşmalara gətirib çıxara bilir. Səhv istifadə antibiotikədavamlı bakteriyaların yaranmasına, bu da öz növbəsində eyni infeksiya ilə yoluxma zamanı müalicə müddətinin uzanmasına, xəstəxanada yatış günlərinin artmasına, hətta ölüm riskinin yüksəlməsinə səbəb ola bilər. Disbakterioz, kandidoz, diareya kimi bağırsaq mikroflorasının pozulmasına, qaraciyərin toksiki zədələnməsinə, xüsusilə, xolestaz, qaraciyər sınaqlarının yüksəlməsi və xəstələrdə sarılığa səbəb ola bilər. Ağır hallarda allergik reaksiyalar, dəridə səpkilər, qaşınma və Anafilaktik şoka gətirib çıxara bilər. Eyni zamanda, böyrəklərin toksiki zədələnməsi, kreatinin yüksəlməsinə, bu da öz növbəsində böyrək çatışmazlığına səbəb ola bilər.

Antibiotiklərdən istifadə zamanı xəstələr bəzi qaydalara əməl etməlidirlər: Antibiotiklərdən yalnız həkim təyinatı üzrə istifadə etmək lazımdır. Özbaşına və ya əczaçının məsləhəti ilə antibiotik istifadə etmək olmaz. Antibiotik müalicəsi müddətində spirtli içkilərdən uzaq durmaq lazımdır. Xroniki xəstəlikləri olan şəxslər qəbul etdikləri digər dərmanlar haqqında həkimə məlumat verməlidirlər. Ehtiyac olarsa, antibiotiklərlə yanaşı prebiotiklərdən də istifadə edilməlidir. Müalicə kursu yarımçıq saxlanılmamalıdır”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti