Bakı. Trend:
ƏDV və mənfəət vergisində güzəştlərin əsasən məhsuldarlıq, ixrac və məşğulluq göstəricilərinə bağlı olması daha faydalı ola bilər.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, güzəşt alan müəssisələrin illik “performans hesabatı” təqdim etməsi bu güzəştlərin qiymətləndirilməsində əvəzsiz rol oynaya bilər:
“Nazirlər Kabinetinin daxili istehsalda istifadə edilən 272 adda xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il 1 yanvar tarixindən 7 il müddətinə “0” dərəcəyə endirilməsi haqqında qərarı ixraca öz müsbət nəticələrini verməyə başlayıb”.
Deputat vurğulayıb ki, elm və rəqəmsallaşma sahələri üçün dövlət və özəl kapitalın birgə “Texnoİnnovasiya Fondu” yaratması startap ekosisteminə və universitet tədqiqatlarına birbaşa maliyyə dəstəyinin verilməsi imkanlarını xeyli artıra bilər:
“Bu addım həmçinin Prezident İlham Əliyevin Elmlər Akademiyasında çıxışı zamanı elm və texnologiyalar üçün müəyyən etdiyi hədəflərin maliyyə imkanlarının yaradılmasına da xeyli faydalı ola bilər.
T.Mirkişili qeyd edib ki, hər 3 ildən bir “Güzəşt Effektivliyi Sənədi”nin tərtib olunması, müəyyən edilmiş səmərəsiz güzəştlərin mərhələli şəkildə ləğv edilməsi şəffaflığın artırılması və vergi bazasının genişləndirilməsi baxımından xeyli faydalı ola bilər.
