Bakı.Trend:
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri - Əlişirin Əliyev, Qabil Quliyev və İntiqam Kərimovun barəsində cinayət işi üzrə məhkəmə başlayıb.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Daha sonra hakimlər məhkəmənin baxışa verilməsi barədə qərar verib.
Məhkəmənin növbəti iclası 3 dekabrda baş tutacaq.
Bildirək ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına əsasən "Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişirin Əliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.
İbtidai istintaqla Əlişirin Əliyevin sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim məsləhət komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədilə onlar barədə TƏBİB-in “e-tabib” elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlişirin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
