...

Holcim Azərbaycan ölkənin ən yaxşı ustasını seçdi (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2025 14:49 (UTC +04:00)
Holcim Azərbaycan ölkənin ən yaxşı ustasını seçdi (FOTO)

Bakı. Trend:

Bakı Expo Mərkəzində “Holcim Azərbaycan” və İZİA-nın tərəfdaşlığı ilə keçirilən “USTA MƏNƏM! 2025” (2-ci sezon) müsabiqəsinin möhtəşəm final mərhələsi başa çatdı. Yarışın qalibi Balakən rayonundan Etibar Qaradayev oldu. O, finalda göstərdiyi dəqiqlik, ustalıq və peşəsinə məsuliyyətli yanaşması ilə digər iştirakçılar arasında fərqlənərək 1-ci yerin sahibi oldu və ölkənin ən yaxşı ustası adını qazandı.

May ayında start götürən müsabiqə ölkənin müxtəlif bölgələrindən böyük maraqla qarşılandı. İlkin mərhələyə 700-dən çox usta qatıldı. 17 bölgədən seçilmiş 400-dən çox usta nəzəri və praktiki tapşırıqlar əsasında öz bacarıqlarını nümayiş etdilər və yalnız ən yüksək nəticə göstərən 27 usta finala yüksəldi.

Final mərhələsi yüksək dinamika və real iş şəraitinə uyğun tapşırıqlar ilə yadda qaldı. Ustalar həm sürət, həm də keyfiyyət üzrə sınaqdan keçərək öz peşəkarlıqlarını ortaya qoydular. Bu çətin yarışın ən uğurlu iştirakçısı Etibar Qaradayev müsabiqənin baş mükafatı "Pick-up" tipli avtomobili qazandı.

Müsabiqənin digər qalibləri Lənkərandan Cəfərov Mirələm - 2-ci yer, Qubadan Hüseynov Fikrət isə 3-cü yer üzrə mükafatlandırıldılar. Onların göstərdikləri iş formalaşmış peşəkarlıq ənənəsinin gücünü bir daha nümayiş etdirdi. Qaliblər müvafiq olaraq 5000 və 3000 manat dəyərində hədiyyə kartları ilə təltif olundular.

“USTA MƏNƏM!” layihəsi ustalar üçün təkcə yaradıcılıq və rəqabət deyil, həm də peşəkar inkişaf platforması rolunu oynayır. Final mərhələsi zamanı iştirakçılar Holcim Azərbaycan şirkətinin innovativ tikinti məhsulları ilə yaxından tanış olaraq onların texniki imkanları və tətbiq xüsusiyyətləri barədə ətraflı məlumat əldə etdilər.

Bu müsabiqə bir daha göstərdi ki, Azərbaycanın ustaları tikinti sahəsinin ustalıq və sənətkarlıq mədəniyyətinin ən parlaq daşıyıcılarıdır.

Xəbər lenti

Xəbər lenti