Bakı. Trend:
Humanitar əməkdaşlıq Türk Dövlətləri Təşkilatında (TDT) qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərindən biridir və bunu Bakıda keçirilən türk dövlətlərinin Qızıl Aypara və Qırmızı Xaç Şəbəkəsi rəhbərlərinin sayca ikinci iclası da təsdiqləyir.
Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən TDT Qızıl Aypara Şəbəkəsi rəhbərlərinin iclası çərçivəsində TDT baş katibi Kurbanıçbek Ömüralıyev jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, TDT çərçivəsində əməkdaşlıq xarici siyasət, iqtisadiyyat, ticarət, idman və gənclər, kənd təsərrüfatı və texnologiyalar da daxil olmaqla 45-dən çox istiqaməti əhatə etsə də, humanitar sahə əsas istiqamətlərdən birini təşkil edir.
Baş katib həmçinin qeyd edib ki, humanitar sahədə işlər fövqəladə hallar nazirlikləri xətti ilə həyata keçirilir.
“Ötən il Bişkekdə dövlət başçıları tərəfindən vətəndaş müdafiəsi üzrə əsas sahəvi sənəd qəbul olunub və imzalanıb. Bu saziş artıq ratifikasiya edilib və tezliklə qüvvəyə minəcək. Qırmızı Xaç və Qızıl Aypara xətti ilə şəbəkənin yaradılması da bu istiqamətdə əməkdaşlığımızın davamıdır”, – deyə Ömüralıyev fikrini yekunlaşdırıb.
