Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə vahid açıq bankçılıq standartlarının tətbiqinə ilkin addım atmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə bu gün AMB-nin Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsinin rəisi Sahib Həsənov IX Beynəlxalq Bank Forumunda məlumat verib.
Onun sözlərinə görə, vahid standartların tətbiqi şəffaflığın artırılmasına və maliyyə sektorunda rəqabətin güclənməsinə imkan verəcək. “Vahid standartlardan əlavə, vahid infrastruktur da yaradılıb ki, bütün təşkilatlar bu infrastruktur üzərindən açıq bankçılıq xidmətlərindən istifadə edə bilsinlər”, – deyə o bildirib.
Şöbə rəisi həmçinin, texniki sandbox anlayışına toxunaraq qeyd edib ki, innovativ məhsulların inkişaf etdirilməsi zamanı təşkilatlar AMB-nin xüsusi tənzimləmə rejimi çərçivəsində demo API-lərdən istifadə edə biləcəklər. Bu yanaşma beynəlxalq təcrübədə, o cümlədən Gürcüstanda da tətbiq olunub. Sandbox vasitəsilə lisenziyası olmayan təşkilatlar sintetik məlumatlarla məhsullarını sınaqdan keçirə və sonrakı mərhələdə real açıq bankçılıq platformasına inteqrasiya edə bilərlər.
O qeyd edib ki, hazırda fokus əsasən hesab nəvumatları və ödəniş vasitəçiliyi xidmətlərinin genişləndirilməsinə yönəlib və texniki sandboxun tətbiqi müəyyən mərhələdən sonra aktual olacaq.
Həsənov vurğulayıb ki, açıq bankçılıqda məlumatların qorunması əsas prinsiplərdən biridir. Hər iki tərəf – məlumatları təqdim edən və istifadə edən – müştərini eyniləşdirməli, məlumat paylaşımı yalnız müştərinin razılığı və gücləndirilmiş autentifikasiya vasitəsilə həyata keçirilə bilər. Mərkəzi Bankın texniki infrastrukturu üzərindən məlumat mübadiləsi tamamilə şifrələnir.
“AMB finteklərə və banklara bərabər şərait yaradıb ki, onlar mövcud funksionallıqlardan istifadə edərək, tələblərə uyğun yeni və innovativ məhsullar təqdim edə bilsinlər”, – Sahib Həsənov əlavə edib.
