Bakı. Trend:
Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına növbəti ildə maliyyələşdirilməsi nəzərdə tutulan 194 layihənin ümumi dəyəri 17,7 mlrd. manatdır.
Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sədr vurğulayıb ki, vəsaitin 5 yeni, 189 keçid layihə üzrə nəzərdə tutulub:
“Bununla yanaşı, qeyd etmək lazımdır ki, ümumi dəyəri 2,0 mlrd. manat təşkil edən 100 layihənin 2026-cı ildə başa çatdırılması üçün 661,5 mln. manat vəsait proqnozlaşdırılır”.
V. Gülməmmədov əlavə edib ki, növbəti ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bir hissəsi (850,0 mln. manatı) beynəlxalq kreditor qurumların təqdim etdiyi kreditlər hesabına layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
“Cari ilin 9 ayında bu xərclərin icra səviyyəsi cəmi 13% təşkil etməklə büdcənin icrasından əhəmiyyətli dərəcədə geri qalır. Hesab edirik ki, müvafiq təşkilatların icra intizamının yüksəldilməsinə zərurət var”, - deyə o qeyd edib.
