Bakı. Trend:
“Konstitusiya və Suverenlik İli” və Şanlı Zəfərimizin 5 illiyi çərçivəsində Koreya Respublikasının İnçeon şəhərində İnha Universiteti və Bakı Mühəndislik Universiteti arasında həyata keçirilən İkili Diplom Proqramı əsasında təhsil alan azərbaycanlı tələbələrlə görüş olub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan görüşdə Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi Nərmin Dadayeva və Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin əməkdaşı Vüsalə Zeynallı da iştirak edib.
Tələbələrə komitənin və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətləri, həyata keçirilən irihəcmli layihələr haqqında ətraflı məlumat verilib. Eyni zamanda, icma və tələbələrin fəaliyyətinin daha da genişlənməsi məqsədilə diaspor xarakteri daşıyan təkilf və ideyalar müzakirə olunub, mövcud problemlər və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin onların bu sahə ilə bağlı sualları cavablandırılıb. Azərbaycan diasporunun dünyada gördüyü işlər, diaspor təşkilatlarının fəaliyyəti və milli həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.
Müzakirələrdə fəal iştirak edən tələbələr müxtəlif istiqamətlər üzrə öz layihələri və ideyaları haqqında fikirlərini bölüşüblər. Belə görüşlərin Cənubi Koreyada yaşayan azərbaycanlı gənclərin birliyinin gücləndirilməsi və onların Azərbaycan diaspor hərəkatına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd edək ki, tədbirin təşkilində İkili Diplom Proqramının Azərbaycan tərəfindən proqram direktoru Humay Cəfərlinin, eyni zamanda, Cənubi Koreyadakı Azərbaycan icmasının fəal üzvləri Leyla Məsimli və Əzizə Hüseynzadənin də xüsusi rolu olub.
