Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Göyçay, Bakı-Lənkəran və Bakı-Astara avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, Bakı-Göyçay marşrutu üzrə fiziki şəxs Əbilov Vüsal Sahib oğlu;
Bakı-Lənkəran marşrutu üzrə fiziki şəxslər Şahverdiyev Vüqar Aydın oğlu və Həsənli Mirnahid İqbal oğlu;
Bakı-Astara marşrutu üzrə fiziki şəxslər Həsənov Güləli Panəli oğlu və Həsənli Mirnahid İqbal oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
