Bakı. Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qızıl Aypara və Qırmızı Xaç cəmiyyətləri arasında humanitar sahədə əməkdaşlıq iri miqyaslı fövqəladə hallar zamanı zərərçəkənlərə, eləcə də əhalinin yardıma ehtiyacı olan təbəqələrinə yardımın göstərilməsi üçün zəruridir.
Trend xəbər verir ki, bunu bu gün Qazaxıstanın Qızıl Aypara cəmiyyətinin prezidenti Yerkebek Arqımbayev Bakıda TDT üzv dövlətlərinin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında çıxışında deyib.
O vurğulayıb ki, türk şəbəkəsinin yaradılmasının əsas məqsədi cəmiyyətlərin səylərini birləşdirərək iqlim dəyişiklikləri, təbii və texnogen fəlakətlər, eləcə də silahlı münaqişələr kimi genişmiqyaslı böhranlar zamanı qarşılıqlı yardım göstərməkdir.
“Bu missiyanı yerinə yetirmək üçün potensialımızı gücləndirməliyik ki, daha güclü olaq və vətəndaşlarımıza, ehtiyac duyan ölkələrə daha fəal şəkildə kömək edə bilək”, - o bildirib.
Qazaxıstan Qızıl Aypara Cəmiyyətinin prezidentinin fikrincə, tədbirdə TDT-nin Baş katibi Kurbanıçbek Ömuralıyevin iştirakı xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, milli cəmiyyətlər humanitar sahədə öz dövlətlərinə yardım göstərmək üçün Cenevrə konvensiyalarına uyğun şəkildə yaradılır və dövlətlərin dəstəyi olmadan potensialın gücləndirilməsi mümkün deyil.
