Bakı. Trend:
Bakıda keçirilmiş Azərbaycan–ABŞ Beyin Mərkəzləri Forumu iki ölkə arasında ekspert dialoqunun institusional səviyyəyə keçdiyini göstərən mühüm hadisədir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
O qeyd edib ki, bu, həm Azərbaycan diplomatiyasının yumşaq güc alətlərini gücləndirməsi, həm də ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəlik yeni regional strategiyasının daha açıq şəkildə formalaşması fonunda baş verir.
"Forumun mövzusu – “Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan–ABŞ dialoqu” – iki əsas elementə istinad edir. Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin açılması və Qlobal və regional proseslər fonunda tərəfdaşlığın strateji xarakter almasıdır.
8 avqustda Azərbaycan və Ermənistan arasında razılaşmaların imzalanması regionda ilk dəfə real və dayanıqlı sülhün mümkünlüyü ilə bağlı ciddi optimizm yaradıb. ABŞ ekspertlərinin fikirləri də göstərir ki, Vaşinqton bu prosesin aparıcı vasitəçilərindən biri olmaq istəyir. Forumda ən çox vurğulanan trendlərdən biri Azərbaycan–Mərkəzi Asiya inteqrasiyasının güclənməsidir. ABŞ artıq yalnız C5+1 formatı ilə kifayətlənmək niyyətində deyil. Azərbaycanın bu arxitekturada mühüm həlqə kimi inteqrasiyası qaçılmazdır. Azərbaycan burada enerji, logistika, tranzit və diplomatik körpü rolunu oynayır. Bu, həm də Azərbaycanın oyun meydanında rolunu artırır. Çünki Azərbaycan enerji dəhlizlərinin əsas operatorudur, Zəngəzur dəhlizi əvəzinə daha geniş alternativ modellər təklif edir, Orta Dəhlizin əsas hissəsidir."
Politoloq qeyd edib ki, son illərdə baş verən hadisələr – Cənubi Qafqazda 44 günlük müharibədən sonrakı yeni reallıq, Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişləri, həmçinin ABŞ-nin Mərkəzi Asiyaya yönəlik siyasətinin yenilənməsi – regionda böyük güclərin fəallığını artırıb.
"Bu forum ABŞ-nin Cənubi Qafqazdakı proseslərə marağının
artmasının və Azərbaycanla əməkdaşlığın daha strukturlaşdırılmış
modelə keçməsinin göstəricisidir. Eyni zamanda tədbir Azərbaycanın
beynəlxalq analitik platforma kimi güclənən rolunu təsdiqləyir.
Bakı artıq təkcə enerji və logistika mərkəzi deyil, həm də
beynəlxalq ekspert şəbəkələrinin əlaqə nöqtəsinə çevrilir. Bu forum
yalnız fikir mübadiləsi meydanı deyil, həm də gələcəkdə daha böyük
analitik konfranslar, birgə layihələr, ortaq araşdırmalar və
siyasət tövsiyələri üçün institusional baza rolunu
oynayacaq."
