Bakı. Trend:
Səhiyyə sahəsində son 5 ildə xərclər təxminən 400 % artıb. Lakin bu rəqəmlər artımın bütün alt sahələrdə eyni sürətlə əks olunmadığını göstərir. Ümumi artım fonunda onkoloji xəstələrin dərman təminatı və şəkərli diabet xəstələrinin ehtiyacları hələ də lazımi səviyyədə deyil. Xərclərin artımı ilə nəticələrin artımı paralel şəkildə getməlidir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sədr müavini bildirib ki, dünyada artıq onkoloji xəstəlik “ümidsiz diaqnoz” deyil. Müasir target terapiyalar, immunoterapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti 10 ildən daha uzun və yüksək həyat keyfiyyəti ilə yaşayırlar. Bu, dövlətin insan həyatını qorumaq istiqamətində atacağı hər bir addımın nə qədər əhəmiyyətli olduğunu göstərir.
“Dövlətin Onkoloji Proqramı çərçivəsində nəzərdə tutulmuş maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır. Mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir. Ən azı 3-4 dəfə artım həyati zərurətdir.
Bu niyə vacibdir?
- Target dərmanlar xəstənin ömrünü illərlə uzadır. Bu həm sosial məsuliyyət, həm də insan kapitalının qorunmasıdır.
- İTS-in üzərinə düşən yük son illərdə həddindən artıq artmışdır. Onkoloji dərmanların tam İTS-in üzərinə qoyulması sistemdə boşluqlar yarada bilər.
- Xəstələrin öz cibindən müalicə etməsi real deyil. Müalicənin yarımçıq qalması isə sağ qalma göstəricilərinə birbaşa mənfi təsir edir.
- Dövlət proqramları gücləndirildiyi halda nəticə dərhal görünəcək – minlərlə insanın həyat keyfiyyəti və sağ qalma şansı yüksələcək”.
Millət vəkilinin sözlərinə görə, bütün problemlərin yalnız İcbari Tibbi Sığorta çərçivəsində həll olunacağına inanmaq real yanaşma deyil. Əksinə, bu, sistemdə dağınıqlığa və məsuliyyət bölgüsündə boşluqlara səbəb ola bilər.
“Hazırda ölkəmizdə onkoloji xəstələrin müalicəsi üçün potensialı yüksək, maddi-texniki bazası mövcud olan ixtisaslaşmış mərkəzlər var. Məhz bu mərkəzlərin effektiv işləməsini gücləndirmək əvəzinə, problemin həllini başqa strukturlarda axtarmaq bizi əsas hədəfdən uzaqlaşdırır, çox vacib vaxtımızı alır və ən əsası xəstənin yaşamaq haqqını riskə atır.
İTS bu sahənin əvəzedicisi deyil və ola da bilməz. İTS-in rolu dövlət proqramını tamamlayaraq maliyyə imkanlarını genişləndirməkdir, onun yerini tutmaq deyil”, - deyə o fikrini yekunlaşdırıb.
