Bakı. Trend:
Büdcə sənədi ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinə və qarşıda duran çağırışlara uyğun şəkildə hazırlanıb. Növbəti il üçün təhsil xərcləri 5 milyard manat nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 78 milyon manat, 2024-cü ilin icrası ilə müqayisədə isə 625 milyon manat artıqdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq təhsilin bütün pillələrində keyfiyyətin artırılması əsas prioritetlər sırasındadır. 2026-cı ilin büdcəsində bütün bu istiqamətlər üzrə vəsaitlərin artırılması nəzərdə tutulur.
Deputat onu da vurğulayıb ki, sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin maaşlara əlavələr ödənilməsi məqsədilə 212 milyon manat ayrılıb:
“Xaricdə təhsil” dövlət təqaüd proqramları və ikili diplom layihələrinin də maliyyələşdirilməsi və müddəti artırılıb. Bu, gənclərin keyfiyyətli təhsil imkanlarını genişləndirmək məqsədi daşıyır”.
F.İsmayılzadə əlavə edib ki, 2026-cı il dövlət büdcəsi layihəsində elm xərcləri üçün 228 milyon manat vəsait proqnozlaşdırılır. Bu da 2022-ci il ilə müqaisədə 61 mln manat və ya 36 faiz artım deməkdir.
