Bakı. Trend:
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində yerləşən baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü kimi iştirak edib.
Trend xəbər verir ki, iclasda UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə yeniliklər, klub sahibliyi ilə bağlı məsələlər, UEFA Həmrəylik Mexanizminin 2025/2026 mövsümündə tətbiqi, Maliyyə Dayanıqlığı Qaydalarının keçid dövrünün başa çatması, həmçinin UEFA-nın tibbi və antidopinq tələbləri müzakirə olunub.
Görüş zamanı müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/2026 mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı istiqamətində strateji məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
