...

Azərbaycan Qahirədə D8 qrupunun səhiyyə nazirlərinin konfransında təmsil olunub (FOTO)

Siyasət Materials 20 Noyabr 2025 01:56 (UTC +04:00)
Azərbaycan Qahirədə D8 qrupunun səhiyyə nazirlərinin konfransında təmsil olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qahirədə inkişaf etməkdə olan İslam ölkələrinin daxil olduğu D8 qrupunun səhiyyə nazirlərinin birinci konfransı keçirilib. Tədbirdə D8-ə üzv dövlətlərin nümayəndə heyəti iştirak edib. Ölkəmizi tədbirdə səhiyyə nazirinin müavini Rasim İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Trend Misirin Səhiyyə və Əhali Nazirliyinə istinadla xəbər verir ki, üç gün davam edən konfransın sonunda “Səhiyyə üzrə Qahirə Birgə Nazirlər Bəyannaməsi” qəbul edilib.

Sənəddə səhiyyənin fundamental insan hüququ və davamlı inkişafın təməl daşı olduğu vurğulanır. Ümumi əhalisi 1,2 milyardı keçən üzv dövlətlər arasında regional səhiyyə təhlükəsizliyinə və hərtərəfli səhiyyə imkanlarına nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.

Bundan başqa, sənəddə layihələri əlaqələndirmək və həyata keçirilməsini izləmək üçün "Daimi D-8 Səhiyyə İşçi Qrupu"nun yaradılması, erkən xəbərdarlıq sistemləri və beynəlxalq səhiyyə qaydalarının tətbiqi vasitəsilə pandemiyalara hazırlığın gücləndirilməsi, dərmanların, peyvəndlərin və səhiyyə texnologiyalarının yerli istehsalının dəstəklənməsi və regional təchizat zəncirlərinin inkişaf etdirilməsi, eləcə də monitorinq və rasional istifadə proqramları vasitəsilə antimikrob müqavimətinə (AMR) qarşı mübarizə məsələləri qeyd olunur.

Eyni zamanda, iqlim dəyişikliyinin sağlamlığa təsirlərinin aradan qaldırılması və dayanıqlı səhiyyə sistemlərinin qurulması, inteqrasiya olunmuş proqramlar vasitəsilə ana, uşaq və yeniyetmə sağlamlığının gücləndirilməsi, informasiyaları qorumaqla səhiyyənin rəqəmsal transformasiyasının (elektron qeydlər, teletibb, süni intellekt) sürətləndirilməsi məsələləri də “Qahirə Bəyannaməsi”ndə öz əksini tapıb.

Bəyannamədə əks olunan fikirlərin 2026-cı ilə qədər konkret fəaliyyət planlarına çevrilməsinə çağırış edilib.

Qeyd edək ki, D8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədi ilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya və Türkiyə və Azərbaycandır. Misir ötən ildən D8-ə sədrlik edir.

2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.

Xəbər lenti

Xəbər lenti