Bakı. Trend:
Beynəlxalq ticarət qaydalarına əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) İsrail Dövlətinin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi tərəfindən fitosanitar sertifikatların həqiqiliyinin təsdiq edilməsinə dair sorğu daxil olub.
Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, təqdim olunan fitosanitar sertifikatlara baxış zamanı onların saxta olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, saxta sənədlər üzərindəki QR kodlar oxunarkən, müxtəlif xarici ölkələrdə yaradılan saxta “e-afsa.com”, “storage2.me-qr.com” və “cdn.qr-code-generator.com” domeninə yönəlmə baş verir.
Qeyd edək ki, AQTA-nın rəsmi domeni “e-afsa.gov.az”dır. Agentlik
tərəfindən təqdim olunan sertifikatlar QR kod vasitəsilə oxunarkən,
yalnız AQTA-nın rəsmi domeninə yönləndirmə baş verir.
Aşkar olunan uyğunsuzluq barədə İsrail Dövlətinin aidiyyəti
qurumuna məlumat verilib və araşdırmanın davam etdirilməsi üçün
digər zəruri sənədlər istənilib.
Saxtalaşdırma faktı üzrə bütün materiallar hüquqi qiymət verilməsi
üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.
Agentlik bəyan edir ki, bu kimi qanunazidd əməllər yolverilməzdir
və həmin fəaliyyətlə məşğul olan şəxslər barəsində qanunvericilik
çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir.
İxracla məşğul olan hüquqi və fiziki şəxslərdən, eyni zamanda
təsərrüfat sahiblərindən xahiş olunur ki, Agentliyin təqdim etdiyi
sertifikatların QR kodunu oxutduran zaman rəsmi “e-afsa.gov.az”
domeninin yazılmasına diqqət etsinlər.
