Bakı. Trend:
BMT Baş Assambleyası 2026-cı ildə Milanda və Kortina d'Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunları zamanı Olimpiya barışığının qorunmasına dair qətnamə qəbul edib.
Trend xəbər verir ki, "İdman və Olimpiya idealı vasitəsilə sülh və daha xoşbəxt dünya qurmaq" adlı qətnamə layihəsi konsensusla qəbul olunub.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Kirsti Koventri səsvermədən əvvəl bildirib: "İdmanla siyasəti bir-birindən ayırmaq üçün birlikdə çalışmalıyıq. Bu o deməkdir ki, idmançılar vizalarına siyasi səbəblərdən imtina edildiyi üçün geridə qalmaq təhlükəsi ilə üzləşməkdənsə, ev sahibliyi edən ölkələrə səyahət edə və yarışa bilməlidirlər".
Qətnamə doqquz bənddən ibarət olub. Onlardan birincisi Olimpiadanın başlamasına yeddi gün qalmış başlayıb Paralimpiya Oyunlarının bağlanmasından yeddi gün sonra başa çatan müddət ərzində barışığa riayət edilməsini, həmçinin idmançıların, rəsmi şəxslərin və digər akkreditə olunmuş şəxslərin təhlükəsiz keçidinin, girişinin və iştirakının təmin edilməsini tələb edir.
