...

Səhiyyə xərclərinin rekord artımı həssas qrupların bu xidmətlərdən daha geniş istifadəsinə imkan yaradacaq – Soltan Məmmədov

Cəmiyyət Materials 19 Noyabr 2025 16:22 (UTC +04:00)
Səhiyyə xərclərinin rekord artımı həssas qrupların bu xidmətlərdən daha geniş istifadəsinə imkan yaradacaq – Soltan Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-neft sektorunun davamlı inkişafının dəstəklənməsi, büdcənin neqativ gəlirlərdən azad olunması və fiskal dayanıqlığın gücləndirilməsidir. 2025-ci ilin sosial-iqtisadi göstəriciləri və 2026-cı ilə dair proqnozlar ölkəmizdə makroiqtisadi sabitliyin qorunduğunu təsdiq edir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, 2026-cı ildə dövlət sektorunun ümumi gəlirlərinin 134,1 milyard manat həcmində formalaşacağı gözlənilir və bu, cari illə müqayisədə 2,9 faiz artım deməkdir:

“Bu artım da makroiqtisadi sabitliyin davamlı şəkildə təmin olunduğunu göstərir. 2025-ci ilin birinci yarısında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumdaxili məhsul real ifadədə 1,5 faiz, adambaşına düşən ÜDM isə 1 faiz artıb. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 69,2 faiz təşkil edib”.

Deputat vurğulayıb ki, Azərbaycan tarixində ilk dəfə olaraq səhiyyə xərcləri üçün bu qədər böyük vəsaitin ayrılması, icbari tibbi sığorta zərfinin genişləndirilməsi tendensiyası tibbi xidmətlərin keyfiyyətinin və əlçatarlığının artırılmasına xidmət edir. Bu, xüsusilə həssas qrupların səhiyyə xidmətlərindən daha geniş istifadəsinə imkan yaradacaq:

“Səhiyyə ilə bağlı dövlət proqramlarının İcbari Tibbi Sığorta Fondu çərçivəsində həyata keçirilməsinin vacibliyi Milli Məclisin Səhiyyə Komitəsində dəfələrlə vurğulanıb. Hazırda dövlət proqramı çərçivəsində maliyyələşdirilən 14 səhiyyə proqramından 8-nin İcbari Tibbi Sığorta Fondu hesabına maliyyələşdirilməsini dəstəkləyirik. Bununla belə, həssas qruplara yönəlmiş və tam xidmət təminatı tələb edən bu tədbirlərin icrasının düzgün monitorinqi də vacibdir. Hesablama Palatasının hesabatlarında da bu məsələlər xüsusi olaraq qeyd edilir”.

S.Məmmədov əlavə edib ki, 2026-cı ilin dövlət və icmal büdcələrində səhiyyəyə ayrılan vəsaitin artması ölkədə uğurla həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələrinin göstəricisidir.

“2026-cı il üçün səhiyyə xərcləri 2025-ci illə müqayisədə 30,7 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 195,5 milyon manat və ya 10,7 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin strukturunda səhiyyə xərclərinin 4,9 faizə çatması da müsbət haldır.

Gələn ilin dövlət büdcəsi xərclərinin 41 faizinin sosialyönlü xərclərə ayrılması büdcənin sosial xarakter daşıdığını göstərir. Dövlət Sosial Müdafiə Fondunun həm xərclərinin, həm də gəlirlərinin artımı, eləcə də İşsizlikdən Sığorta Fondu çərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi və işsizlik üzrə sığorta ödənişlərinin həcminin 60 faiz artırılması sosialyönlü büdcə siyasətinin təzahürüdür”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti