Bakı.Trend:
Bu gündən Azərbaycanda regionun ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb. Yeni açılan mərkəz illik 150-200 min vətəndaşa xidmət edəcək.
Trend xəbər verir ki, bunu bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada Yeni Robotik Reabilitasiya Mərkəzi açılışı zamanı deyib.
O qeyd edib ki, Reabilitasiya Mərkəzi yaxın ölkələr arasında ən böyük, ən yaxşı mərkəzlərdən biridir.
"Bura cəlb edilən həkimlər xaricdə təhsilini bitirib ölkəyə qayıtmış həkimlərdir.
Avadanlıqların təyinatlarını isə xaricdən gəlmiş mütəxxəssislər təlim edib. Məqsədimizin mərkəzin gündəlik 500, illik 150-200 min vətəndaşa xidmətdir", - Qurbanov əlavə edib.
Onun sözlərinə görə, Yeni Robotik Reabilitasiya Mərkəzi 3 min 600 kvadratmetr ərazidə yerləşir:
"Müəssisədə ümumilikdə üç həkim-fizioterapevt, bir həkim-travmatoloq, dörd həkim-nevroloq, dörd təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, doqquz müalicəvi bədən tərbiyəsi (MBT) təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir".
