Bakı. Trend:
Ətraf mühitin mühafizəsi və sosial inteqrasiya bir-birini qarşılıqlı şəkildə gücləndirir və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) fəaliyyət göstərdiyi bütün regionlarda iqtisadi artıma töhfə verir.
Bunu Trend-ə özəl müsahibəsində AYİB-in ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf departamentinin idarəedici direktoru Maya Hennerkes bildirib.
“Ətraf mühitin mühafizəsi yüksək səviyyədə olduğu yerdə bütün sosial qrupların inamı da möhkəmlənir. Təbiəti qorumaqla biz eyni zamanda sosial inteqrasiyanı təşviq edirik və bu iki məqsədi dəstəkləməklə bankın fəaliyyət göstərdiyi bölgələrin iqtisadi inkişafına qaçılmaz şəkildə töhfə vermiş oluruq”, – deyə Hennerkes qeyd edib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi ciddi çağırışlar yaratmasına baxmayaraq, yeni imkanlar da açır. “Sənaye və iqtisadi sahələrdə genişmiqyaslı transformasiya müşahidə edirik. Bu isə ‘yaşıl’ sektorlarda yeni, keyfiyyətli iş yerləri yaradır və biznes üçün əlavə imkanlar açır”, – o bildirib.
Hennerkes vurğulayıb ki, ekoloji və sosial hədəflər həmişə üst-üstə düşmür. “Məsələn, külək elektrik stansiyasının tikintisi həmin bölgədə məşğul olan yerli əhalinin həyat tərzinə təsir göstərə bilər,” – deyə o söyləyib. – “Məhz buna görə də biz ekoloji və sosial siyasətimizə ciddi şəkildə riayət edirik ki, bir məqsədə nail olarkən digərinə zərər vurulmasın”.
Azərbaycanla bağlı danışan AYİB nümayəndəsi ölkənin “yaşıl” artım üçün böyük potensialına diqqət çəkib. “Azərbaycanın hələ tam istifadə olunmamış geniş ‘yaşıl’ transformasiya potensialı var,” – deyə o bildirib. – “Bakıda keçirilən COP29-da Azərbaycan şirkətlərinin bərpaolunan enerji sahəsində çoxsaylı müqavilələr imzalamasını izləmək ilhamverici idi.”
Hennerkes əlavə edib ki, AYİB Azərbaycanlarda təxminən 1,2 QVt gücündə bərpaolunan enerji istehsalı layihələrinin maliyyələşdirilməsini təmin edib. “Bu investisiyaların karbon emissiyalarının ildə təxminən 600 min ton azalmasına imkan verəcəyini gözləyirik. Bundan əlavə, istehsal olunan elektrik enerjisi təxminən 300 min ev təsərrüfatını ‘təmiz’ enerji ilə təmin edəcək. Dizel generatorlarının bərpaolunan enerji mənbələri ilə əvəz olunması insanların sağlamlığına və sosial sahəyə ümumilikdə müsbət təsir göstərir,” – deyə o vurğulayıb.
O həmçinin, AYİB-in Azərbaycanda bərpaolunan enerji hərraclarının keçirilməsinə dəstəyini qeyd edib. “Biz kommunal ‘yaşıl’ enerji sahəsindəki bütün layihələrdə iştirak etmiş və hökumətə belə layihələr üçün hərrac sistemi yaratmaqda kömək etmişik. Bu, şəffaflığı artırır və enerji sektoruna inamla sərmayə qoyan yeni investorları cəlb edir,” – Hennerkes əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanın bütövlükdə böyük potensialı var və AYİB şübhəsiz ki, əməkdaşlığın genişlənməsi imkanına sevinir. “Biz dayanıqlı inkişaf məqsədlərinə cavab verən yeni layihələri aktiv şəkildə axtarırıq,” – deyə Maya Hennerkes müsahibəsini yekunlaşdırıb.
