Bakı. Trend:
ABŞ Ticarət Departamenti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən iki şirkətə ən müasir Amerika yarımkeçiricilərinin satışına icazə verib.
Trend-in məlumatına görə, bu barədə qurumun yaydığı məlumatda deyilir.
Ticarət Nazirliyi sözügedən şirkətlərə 35 min ədəd "Nvidia Blackwell" çipinə ekvivalent olan qabaqcıl yarımkeçiricilərin ixracına razılıq verib.
İcazə alan qurumlar Əbu-Dabidə yerləşən "G42" və Səudiyyə Ərəbistanının "Humain" şirkətləridir. Hər iki şirkət süni intellekt texnologiyalarının inkişafı ilə məşğuldur.
ABŞ Ticarət Departamenti hesab edir ki, bu addım ölkənin, o cümlədən süni intellekt sahəsindəki irəliləyişlər daxil olmaqla, texnologiya sektorunda dominant mövqeyini möhkəmləndirməyə kömək edəcək.
